Teleqraf.com Turan İnformasiya Agentliyinin direktoru, tanınmış analitik Mehman Əliyevlə müsahibəni təqdim edir.
- Mehman bəy, ABŞ-da keçirilən son prezident seçkiləri və onun nəticələri artıq bəllidir. Bu seçkilər Sizcə, qlobal geosiyasi proseslərə necə təsir göstərəcək? - Donald Tramp prezident seçildi və əlbəttə, çoxlarını düşündürən odur ki, Trampın prezident seçilməsi dünyaya hansı vədlər verir. Açığı, mən hesab edirəm ki, bu istiqamətdə təhlil apararkən, ilk olaraq ABŞ-ın milli təhlükəsizlik strategiyasını əsas götürmək lazımdır. Bu doktrina 2015-ci ildə qəbul edilib. Tramp açıq elan etdi ki, bu günə qədər iş adamı olub, bundan sonra prezidentdir. Yəni iş adamı olaraq mənim hərəkətim bir, prezident olaraq isə tam başqadır. Dövlət başçısı kimi Tramp milli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsində aparıcı rol oynayacaq. Bu strategiyanın özünə qədər olan doktrinalardan fərqi odur ki, burada birmənalı şəkildə ABŞ-ın liderliyi irəli sürülür, iddia olunur ki, bundan sonra hər hansı bir yerdə bu liderliyi nəzərə alaraq ABŞ dövləti bildiyi siyasəti həyata keçirəcək. Strategiya ilə tanış olanda görünür ki, burada iqtisadiyyat, demokratiya, insan haqları və digər vacib dəyərlərə xüsusi önəm verilir.
Yeri gəlmişkən, siz Fidel Kastronun vəfatı ilə bağlı prezident Obama ilə Trampın verdiyi açıqlamalara diqqət edin. Obama Fidel Kastro haqqında mülayim danışdı, Fidelin tarixi rolunu qeyd etdi və s. Ancaq Donald Tramp Kastronu diktator adlandırdı, Kastro haqda kobud danışdı.
- Rusiya-Amerika münasibətləri nədən ibarət olacaq? - Rusiyada müəyyən qərarlar qəbul edilir, prezident yanında islahatlar fondu yaradılıb. Anons ediblər ki, yaz aylarında islahatlar proqramı olacaq. Rusiyada da islahatların hazırlanmasında ABŞ iştirak edir. Özəlləşdirmə proqramı həyata keçirilir və s. Əlbəttə, Donald Tramp bəyan etdi ki, Rusiya ilə əməkdaşlıq lazımdır. Ancaq Tramp həm də bilirdi ki, Rusiyada gələn ildən islahatlar başlanacaq. Məncə, bu islahatlar başlanandan sonra əməkdaşlıq prosesi olacaq. Əslində Suriya, Kuba məsələlərinə baxanda ABŞ-Rusiya işbirliyi görünür.
- Hesab edirsiniz ki, Rusiya-ABŞ münasibətləri düzələcək və Suriya böhranı həll ediləcək? - İlk öncə Əfqanıstan, sonra Yuqoslaviya probleminə baxın. Həmişə Rusiya belə məsələlərdə ABŞ-la müttəfiqlik rolunu oynayıb. Amerikanın razılığı olmadan Rusiya Suriyaya girə bilməzdi.
- Niyə? - Mən sizə dəqiq deyirəm, çünki vəziyyəti görürəm. İslam Dövlətinin əlində milyardlarla vəsait var. Bəyəm, onlar təyyarələrə qarşı ən müasir sistemlər əldə edə bilməzlər? Belə sistemlər silah bazarında kifayət qədərdir və əldə etmək də asandır. Amma İraq Şam İslam Dövlətinin əlində belə silahlar yoxdur. Deməli, ona görə yoxdur ki, belə silahların onlara verilməsi və ya satılması qadağan edilib. Odur ki, Rusiya təyyarələri Suriya məkanında özlərini tam sərbəst aparırlar. Əgər istəsəydilər, başqa cür olardı. Necə ki, vaxtı ilə Əfqanıstanda olmuşdu. Burada SSRİ-yə qarşı vuruşan əfqanları xüsusi silahlarla təmin etmişdilər və o zaman bu silahlar SSRİ aviasıyasına qarşı istifadə edilmişdi.
- Son zamanlar Türkiyədə də müəyyən proseslər gedir, artıq Avropa Birliyi ilə dialoq dayandırıldı, Ərdoğan Avropanı təhdid etdi, daxildə müəyyən problemlər var, PKK dayanmır və s. Türkiyənin vəziyyətini necə qiymətləndirirsiniz? - Əslində Türkiyənin durumunu 15 iyun hadisəsi ortaya qoymuşdu. 1997-ci ildən Ərbakanın baş nazir seçilməsindən bu yana baxanda görürük ki, orada ordu ilə siyasi institutlar arasında problem var. Bu, çox ciddi problem idi. Əlavə olaraq kürd problemi ciddi şəkildə qalır. Bu gün Türkiyənin apardığı siyasət ortadadır. Əslində Türkiyə Avropa Birliyinə daxil olmağa hazır deyil. Üstəlik, Türkiyənin özü də maraqlı deyil ki, bu proses getsin. PKK məsələsi ciddi şəkildə qoyulub və bu həllini tapmayıb. Bu həllini tapmadığı üçün Avropa Birliyi ilə ciddi danışıqlar aparmaq mümkün deyil. Türkiyə indi maraqlıdır ki, Avropa Birliyi ilə gərginlik qalsın. Bu daha çox daxili situasiya, Türkiyənin təhlükəsizlik məsələləri ilə bağlıdır.
İkinci mühüm məsələ odur ki, Türkiyə iqtisadi böhrandadır və bu reallıqdır. 2015-ci parlament seçkilərində hakim partiya istədiyi qədər səs toplaya bilmədi. Bunun ardınca noyabr seçkilərini hakim partiya qazandı. Çünki aralıq müddətdə PKK-ya qarşı kəskin savaş başlandı, üstəlik Suriya probleminin Türkiyəyə təsirləri və Ankaranın atdığı addımlar ortaya qoyuldu. Bununla da, hakim partiya cəmiyyətdə milli sinirləri oynatdı və seçkini uda bildi. Üstəlik Rusiya ilə gərginliklər aradan qaldırıldı. Bilirsinizmi, hazırda Suriyada gərgin durum var. Lazım olanda Rusiya, lazım gələndə Türkiyə, ehtiyac yarananda isə başqa ölkələr Suriya amilindən istifadə edir.
Üçüncüsü, hazırda Türkiyə hakimiyyəti daxili auditoriyaya göstərir ki, biz varıq, biz güclüyük, lazım gələndə Avropaya da meydan oxuyarıq, Rusiya ilə də qarşı-qarşıya gələrik və s. Bu hakimiyyəti daha güclü göstərmək, daxili stabillik yaratmaq üçündür.
- Türkiyənin perspektivini necə görürsünüz? - Mən çox yaxşı görürəm. Perspektiv yaxşıdır. Görünən odur ki, regionda Türkiyəyə kart-blanş verilib. Bu əslində yeni bir şey deyil. Türkiyənin gələcəyi yaxşı olacaq.
Hesab edirəm ki, dünya iqtisadiyyatı 2017-ci ilin II yarısından böhrandan çıxmağa başlayacaq. Əlbəttə, hansı dövlətdə böhranın hansı həddə olması başqa mövzudur. Amma bütövlükdə bu proses gedəcək və 2018-ci ildə böhrandan çıxmaq prosesi bir qədər də sürətlənəcək. Bu baxımdan Türkiyənin bir il vaxtı var ki, PKK ilə bağlı daxili prosesləri tənzimləsin. Hesab edirəm ki, bu istiqamətdə də uğurlar olacaq.
- Ancaq görünən odur ki, Türkiyə-Amerika münasibətlərinin gərgin olması fonunda Ankara-Moskva münasibətləri çox istidir. - İş ondadır ki, Türkiyə-Rusiya arasında gərginlik tam aradan qaldırılmayıb. Sözdə bir, əməldə başqa hallar var. Sadəcə olaraq siz nəzərdə tutduğunuz irəliləyiş daha çox onunla bağlıdır ki, hər iki ölkə böhran içindədir və odur ki, iqtisadi əlaqələrin gücləndirilməsi üçün şərait yoxdur.
Amerika ilə bağlı məsələyə gəldikdə, biz görürük ki, regionda Vaşinqtonla Ankara dərin əməkdaşlıq içindədir. Nümunə kimi İraq və Suriyanı götürmək olar. Ümumiyyətlə, Osmanlı imperiyasının hüdudları çərçivəsində Türkiyə kifayət qədər aktivdir. İsrail və Fələstin məsələsini də nəzərə almaq lazımdır. Əlbəttə, Amerika deməlidir ki, Türkiyədə demokratiya pozulur, həbsdə jurnalistlər var və s. Bur faktlar var və iradlar da bildirilir. Ancaq eyni zamanda strateji olaraq ABŞ-Türkiyə arasında ciddi əməkdaşlıq mövcuddur.
- NATO-nun perspektivi haqda indi heç də müsbət olmayan proqnozlar irəli sürülür. Siz bu haqda nə düşünürsünüz? - Vaxt gələcək Rusiya da NATO-ya qoşulacaq. NATO ciddi təşkilatdır və daha da güclənəcək. Bu gün Amerikanın NATO-da rolu, gücü və siyasətinə baxın. ABŞ daha çox Avropa ölkələrini NATO çərçivəsində aktiv etməyə çalışır. Avropa ölkələri də bu çağırışa cavab verir, çünki Rusiya qorxusu, müəyyən təhlükələr var və s. Odur ki, son zamanlar NATO-ya daha çox ehtiyac yaranır. Ən azı Ukrayna prosesləri fonunda bu görünür.
- Ancaq Qərb ekspertləri açıq deyirlər ki, NATO tarixi missiyasını artıq başa vurmuş təşkilatdır... - Onlar deyə bilər. Mən sizə sadəcə fikirlər demirəm, həm də faktlar göstərirəm. Avropa ölkələri, xüsusilə Pribaltika dövlətləri NATO-dan əsgəri, hərbi dəstək istəyir, deyir ki, bizim ərazimizdə NATO-nun hərbi bazalarını gücləndirin. O cümlədən Polşa, Çexiya və digər dövlətlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?