Biz burada Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik. Bu isə öz növbəsində bənzərsiz bir əməkdaşlıq formatı yaradır.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Prezident bildirib: "Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya Cənub Qaz Dəhlizinin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq.
Bu, həqiqətən də XXI əsrin layihəsidir və onun dəyəri 40 milyard dollardır. Bu layihə Azərbaycan tərəfindən irəli sürülüb və tərəfdaşlarımız, Avropa Komissiyası tərəfindən dəstəklənib. Hətta son iki il ərzində neftin qiymətlərinin aşağı olduğu bir vaxtda bu layihə uğurla həyata keçirilir və onun icrası ilə bağlı bizim maliyyə öhdəliklərimizin ödənişi baxımından heç bir gecikmə olmamışdır. Sərmayələr Xəzər dənizində yerləşən nəhəng qaz yatağı ilə bağlıdır və bu, Bakıdan İtaliya sahillərinə qədər uzanan, bir-biri ilə əlaqəli 3 kəmərdən ibarət vahid bir sistem layihəsidir.
Bu, enerji təhlükəsizliyinə töhfədir. Eyni zamanda, bu, regional əməkdaşlığa töhfədir. "Cənub Qaz Dəhlizi" layihəsinə üzv olan ölkələr artıq təbii, uzunmüddətli tərəfdaşlara çevrilmişlər. Yəni, biz burada Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik. Bu isə öz növbəsində bənzərsiz bir əməkdaşlıq format yaradır.
Artıq üçüncü dəfədir ki, hər ilin fevralında Bakıda biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasını təşkil edirik. Bu ildə belə bir toplantı keçirildi və Şuranın bütün üzvlərinin iştirakı ilə qəbul edilmiş yekun bəyanatda Azərbaycanın aparıcı rolu bir daha qeyd olundu.
Biz həmin layihələrin təşəbbüskarı olduq. Biz qonşuları və tərəfdaşları dəvət etdik və artıq yaxşı nəticələrin şahidi oluruq. İstər nəqliyyat, istərsə də enerji sektorunda təşəbbüskarı olduğumuz heç bir layihə uğursuz olmamışdır. Çünki onların hər biri real yanaşma üzərində qurulmuşdur. Onların heç biri səs-küy salmaq, özümüzü tərifləmək və ya populist ideyalar vasitəsilə potensialımızı nümayiş etdirmək naminə irəli sürülməmişdir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?