“Siqaret və papiros istehsalında dərin böhran hökm sürür.” Bunu “azadlıq.info”ya açıqlamasında iqtisadçı alom Nemət Əliyev bildirib. O, daha sonra bildirib:”Məlum olub ki, bu ilin I rübündə ölkə üzrə papiros və siqaret istehsalı 80% və ya 5 dəfəyə yaxın azalıb. Aylıq istehsal orta hesabla 5 min qutuya (karobka) düşüb. İlkin hesablamalar göstərir ki, Tütün Kombinatının istehsal gücündən istifadə səviyyəsi 10%-in aşağısına enib.
Nəzərə alaq ki, papiros və siqaret kütləvi istehlak malıdır. Belə olan halda ölkənin ən böyük papiros və siqaret istehsalçısının bu vəziyyətə düşməsi çox acınacaqlıdır. Hazırkı şəraitdə Tütün Kombinatını saxlamağın mümkünlüyü sual altındadır. Çünki indiki istehsal səviyyəsinə uyğun gəlirlərlə işçilərin maaşlarını vermək, digər istehsal, qeyri-istehsal xərclərini qarşılamağın mümkünlüyü xeyli şübhələrə yol açır. Bir zamanlar bu Kombinatda 1300-1500 adam çalışırdı. Bildiyim qədər indi onların sıra sayı təqribən 200 nəfərə qədər azalıb. Hazırkı tənəzzül yəqin ki, işçilərin əlavə ixtisarı məsələsini də gündəmə gətirib. Belə məlum olur ki, yerli istehsalı inkişaf etdirməyin vacibliyi haqqında səslənən rəsmi fikirlər boğazdan yuxarıymış və buna görə də əməli işlərdə özünü göstərmir. Cari ilin I rübündə xaricdən 30,2 milyon dollar məbləğində tütün və tütün məmulatları gətirilib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30%-ə qədər artıb (DGK, rəsmi məlumat). Yəni, yerli istehsaldakı itkilərin yaratdığı boşluq aşağı-yuxarı idxal hesabına doldurulub. Valyuta itikiləri ilə-üz-üzə olduğumuz indiki zamanda yerli istehsala deyil, idxala üstünlük verilməsi nəticə çıxarmaq baxımından çox düşündürücüdür”.
Qeyd edək ki, “EUROPEAN TOBACCO Baku” fabriki deputat Rüfət Quliyevin nəzarətindədir. Düzdür, şirkətin əsl sahibinin oliqarx nazirlərdən biri olduğuna dair də məlumatlar var. Ancaq uzun illərdir ki, R.Quliyev “EUROPEAN TOBACCO Baku”nun İdarə Heyətinə sədrliyini davam etdirir. Azərbaycan qanunvericiliyi Milli Məclis üzvlərinin bizneslə məşğul olmasını qadağan etsə dər, R.Quliyev neçə illərdir həm deputat, həm də siqaret istehsalında inhisarçı şirkətin rəhbəridir.
R.Quliyevin öz etirafına görə, bazarın 25-27 faizini onlar təmin edirlər. Lakin bəzi məlumatlara görə, bu rəqəm minimum 50 faizin üstündədir. Ancaq bu həcmin yarıdan çoxunun rəsmiləşdirilmədiyi bildirilir. Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar ki, aparılmır. Deputatın rəhbərlik etdiyi şirkətin istehsal göstəricilərinə dair ən son məlumatlar 2 il əvvələ 2014-cü ilə aiddir – ildə 2 milyard ədəd. Hansı ki, R.Quliyev bu həcmin ümumi bazarın 25-27 faizi olduğunu bildirib(Trend). Bu hesabla götürdükdə, Azərbaycanda illik siqaret istehlakının 8 milyard ədədə çatmadığı görünür. Lakin ekspertləır istehlakın təxminən 14-15 milyard ədəd səviyyəsində olduğunu iddia edirlər.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan kənara tütün və tütün məmulatlarının ixracı cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılıb. 2016-cı ildə isə ixrac həcmi 8 milyon dollara düşüb. 2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb.
Rəsmi rəqəmlərə nəzər yetirdikdə də R.Quliyevin açıqladığı statistikanın reallığı əks etdirmədiyi aydın olur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə respublikaya 1779,04 ton tütün xammalı, ondan əlavə isə 11 milyard 522,84 milyon ədəd (?!) siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, həmçinin 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Siqaretdən qat-qat bahalı olan siqarın Azərbaycanda satış həcminin dəfələrlə məhdud olduğunu nəzərə aldıqda, idxalda adı keçən 11,5 milyard ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlərin ən azı 9-10 milyardının siqaret olduğunu söyləmək mümkündür. R.Quliyevin rəhbəri olduğu “Europian Tabacco Baku”nun istehsal etdiyi 2 milyard siqareti də əlavə etsək, 11-12 milyardlıq istehlak həcmi olduğunu görərik. Ekspertlərin ölkədə siqarətə olan tələbata dair açıqladığı rəqəmləri nəzərə alcaq, təxminən 2-3 milyard ədəd siqarətin istehsalının qeydiyyatdan gizlədildiyini ehtimal etmək olar.
Rəhbəri deputat olan inhisarçı şirkətin fəaliyyətində şəffaflıq olmadığından, bu ilin I rübündə ölkə üzrə papiros və siqaret istehsalı 80% və ya 5 dəfəyə yaxın azalması iddialarının da həqiqəti əks etdirdiyini söyləmək mümkün deyil. Ən azı ona görə ki, ölkədə nə siqarət qıtlığı yaranıb, nə də çəkənlərin sayı azalıb. Dövlət Statistika Komitəsinin məlumatlarından da görünür ki, son 2 ildə qiymətlərin kəskin bahalaşsa da Azərbaycanda siqaret istehlakını azaltmayıb. Ölkəmizdə siqaret çəkənlər adambaşına 53 qutu siqaret istehlak edirlər (dünya üzrə orta göstərici isə adambaşına 40 qutudur). Bu baxımdan istehsalın azalmadığıı, sadəcə istehsalın böyük hissəsinin qeydiyyatdan gizlədildiyi ehtimalı daha yüksəkdir.
Həm bu , həm də qiymətlərin artması isə deputatın böyük pullar qazanmasına imkan verir. Qiymətləri orta hesabla təxminən 60-79 faiz bahalaşıb. Bahalamanı isə deputat gah dünya bazarında tütünün qiymətinin artması ilə, gah Azərbaycanda bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılması ilə, son illər isə dolların qiymətindəki artımla bağlayıb.
Ancaq 17 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkətin niyə indiyədək yerli xammal bazası yaratmağın qalmadığı sualı açıq qalır. Məhz bu səbədən təkcə 2015-ci il ərzində ölkəyə tütün xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. Xammal əsasən Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan daşınıb.
Dolların qiyməti artdıqdan sonra siqaret istehsalında xammal kimi tütün kimi başqa məhsullardan da (məsələn, yosundan) istifadə edildiyinə dair iddialar da var. Bütün bu iddialar və ortaya qoyulan rəqəmlər siqarət istehsalı ilə məşğul olan inhisarçı şirkətin ölkə iqtisadiyyatına deyil, bir-neçə nəfəri maraqlarına xidmət etdiyini söyləməyə əsas verir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?