Azərbaycan da məzənnə siyasətinin maliyyə əməliyyatı, məqsəd insanların cibinə girmək olduğu şübhə doğurmur. Bunu son ayların müşahidələri də deməyə əsas verir. Normalda məzənnənin sabit olması, dolların və ya milli valyutanın il boyu 10 faiz civarında devalvasiyaya məruz qalması təbi hal hesab olunmalıdır. Bu halda biz iqtisadiyyatın inkişafından danışa bilərik. Ancaq 10 faiz civarı da maksimum hədd sayılmalıdır. Amma iş ondadır ki, bizdə əks proseslər baş verir. Son üç ayın müşahidəsini qısaca gözlərimiz önündə canlandırsaq, vəziyyət belədir: əvvəl ABŞ dolları, Avro və digər valyutalar Azərbaycan Manatı qarşısında sürətlə ucuzlaşmağa başladı. Bu proses aprelin sonuna qədər davam etdi. Ucuzlaşma 20 faiz civarında oldu. Normalda insanlar, xüsusilə biznesmen və tacirlər buna çox sevindi. Çünki iş adamları üçün manatın güclənməsi əlavə mənfəətlər qazanmaq baxımından da münasibdir. Digər tərəfdən, bahaçılıq istənilən halda məhsulun satış dövriyyəsinə mənfi təsir göstərir. Üstəlik xarici valyutanın ucuzlaşması prosesi müşahidə edilsə də, bu özünü ərzaq və tikinti materiallarının satışında heç cür büruzə vermədi. Başqa sözlə, möhtəkirlik də davam etdi. İş adamları xarici valyutanı əvvəlki aylarla müqayisədə ucuz ala bilsə də, satılan məhsulların qiyməti enmədi. Bu isə xarici valyutanın ucuz olmasına rəğmən iş adamlarının onu ucuz ala bilmədiyi haqda ciddi şübhələrə də yol açır. Sözsüz ki, bu da yuxarıda qeyd edilən məzənnə siyasətinə bağlıdır.
Mayın əvvəlindən vəziyyət dəyişib. Artıq xarici valyuta milli valyutaya nisbətdə bahalaşmağa başlayıb. Mütəxəssislər də açıq deyirlər ki, xarici valyuta bahalaşmaqda davam edəcək, çünki onun ucuzlaşmasının iqtisadi əsası yoxdur. Hazırda avronun məzənnəsi 1.80 keçib, baxmayaraq ki, ötən ay 1.74 manat idi. ABŞ dolları haqqında da bu fikirləri səsləndirmək olar. Sual doğur, son bir ayda nə baş verdi ki, indi məzənnədə bu qədər dəyişiklik müşahidə edilir?
Bundan başqa, bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə elan etdi ki, ölkədə manat qıtlığı müşahidə olunur. Ola bilsin ki, bu həm də yuxarı da qeyd etdiyimiz əməliyyatın nəticəsi olaraq ortaya çıxıb. Görünən budur ki, ortada bir qrup dəllal var. Və sözsüz ki, bir də onların səlahiyyət sahibi olan himayədarları. Üstəlik də artıq məzənnə siyasətində Mərkəzi Bank baraj faizlərini qaldırdı, elan etdi ki, üzən məzənnə siyasətinə keçilib. Beləcə dəllallar bu imkandan öz hamilərinin dəstəyi ilə xeyirlərinə istifadə edir. Məzənnəni aşağı salıb insanlarda olan xarici valyutaları alırlar. Məzənnə aşağı düşdükcə, evində 3-5 min pulu olan adam dərhal xarici valyutasını milli valyutaya dəyişir. Bu proses bir müddət davam edir və sonda xarici valyuta qəfildən bahalaşmaya başlayır. Nəticədə milyonlarla qazanc əldə olunur. Bu qazancdan dövlət büdcəsinə pul daxil olmur. Sirr deyil ki, əksər banklar dünənə qədər Mərkəzi Bankın və Neft Fondunun keçirdiyi hərraclarda aldığı xarici valyutanı əl altından qara bazara yönəldərək daha baha qiymətə satıb, böyük gəlirlər əldə edirdi. Görünən budur ki, böyük məmurların xeyir duası ilə bu proses davam edir. Nəticədə 100 milyonlarla gəlir əldə olunur. Bu gəlirlərin hara axdığı isə məlumdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?