Azərbaycan iqtisadiyyatını idxaldan asılı vəziyyətə salan sahələr arasında ərzaq məhsulları ilə yanaşı geyim sektorunun da rolu böyükdür.
Dövlət Gömrük Komitəsinin 2017-ci ilin 1-ci rübünün statistik göstəriciləri üzrə təxmini hesablamalar apardıqda ilk üç ayda Azərbaycana 125 milyon dollarlıq ölkədə istehsalı mümkün olan geyim vasitələrinin gətirildiyini görmək olar. Həmin müddət ərzində Azərbaycana 298 milyon dollarlıq ərzaq və 30 milyon dollarlıq tütün idxal edilib.
Tütün ölkədən ən çox valyuta çıxaran idxal mallarından sayılır və bu məsələ hətta ölkə prezidenti İlham Əliyevin çıxışında da vurğulanıb. Ölkə başçısı ölkədə becərilməsi mümkün olan bu məhsulun idxalını minimuma endirməyə çağırıb. Amma 2017-ci ilin birinci rübünün gömrük statistikasına baxdıqda ölkəyə gətirilən bəzi geyim növlərinin idxal dəyərinin tütünü çox üstlədiyini görmək olur. Məsələn, 1-ci rübdə ölkəyə təxminən 43 milyon dollarlıq toxuculuq məhsulu olan geyim idxal edilib. Başqa növ paltarların idxalı 31 milyon dollar, ayaqqabıların idxalı isə təxminən 20 milyon dollar təşkil edib.
Tütünlə olduğu kimi, bu malların da istehsalının böyük hissəsini ölkədə təşkil etmək mümkündür. Özü də, keyfiyyətcə cüzi fərqlənən yerli mallar 3 dəfəyə qədər ucuz başa gəlir. Məsələn, İstiPress-in çəkiliş qrupu Bakı ətrafında bu günlərdə baş çəkdiyi bir geyim fabrikinə məxsus mağazada yerli məhsulların 2-3 dəfə ucuz başa gəldiyini müəyyən edib. Əgər Türkiyədən gətirilən orta keyfiyyətli ayaqqabı 70 manata satılırsa, dəridən tikilmiş ən keyfiyyətli yerli ayaqqabı 25-30 manata təklif edilir.
Kostyumlarda isə qiymət fərqi daha yüksəkdir. Məsələn, bu mağazada 15 manata bir dəst astarsız yay kostyumu almaq mümkündür. Parçasından asılı olaraq astarlı kostumların qiyməti isə 30-50 manat arasında dəyişir. Bu, Sədərək və Binə yarmarkalarında satılan Türkiyə istehsalı kostyumlardan ən azı iki dəfə ucuzdur.
Adının mətbuat üçün açıqlanmasını istəməyən iş adamı aşağı qiymətlərə ucuz parçadan istifadə nəticəsində nail olduğunu bildirir:
“Əgər yun parçadan istifadə etsək, təbii ki, kostyum baha başa gələcək. Dünya bazarında yun parçanın metri 60 dollardır. Bir kostyuma orta hesabla 3 metr parça gedir. Əgər kostyumu yun parçadan tiksək, təkcə parçaya 180 dollar xərcləməli olarıq ki, belə məhsulu satmaq qeyri mümkündür”.
İş adamı keyfiyyətli məhsul istehsalı üçün ölkədə keyfiyyətli ucuz parça istehsalının təşkilini vaxib sayır: “Sovet vaxtı Bakıda yun parça istehsla edən müəssisə vardı. Vaxtında bu sektora qayğı olmadığına görə, o müəssisələr bağlandı”.
İstiPress-in müsahibinin sözlərinə görə, əvvəllər vəziyyət daha ağır imiş və sahəni mərhum prezident Heydər Əliyev bir əmrlə xilas edib: “Mən bu sahədə 30 ilə yaxındır ki, çalışıram. Əvvəllər heç hərəkət etmək olmurdu, yoldan keçən hər bir məmur içəri girib haqq istəyirdi. Post-patrul xidməti oğurluq mal şübhəsi bəhanəsi ilə avtomobillərimizi günlərlə saxlayırdı. Amma 2000-ci ildə mərhum Heydər Əliyev bir əmrlə qanunsuz yoxlamaları dayandırdı”.
Onun sözlərinə görə, indi iş mühiti dəfələrlə mülayim olsa da, rəqabət qabiliyyətli keyfiyyəti mal istehsalı üçün xüsusi dövlət qayğısı lazımdır: “Özbəkistandan örnək götürmək lazımdır. On il qabaq özbəklərin heç nəyi yoxdur. Xüsusi dövlət proqramı əsasında indi Çin və Türkiyədən sonra üçüncü toxuculuq ölkəsinə çevrildilər, dünyanın çox ölkələrinə məhsul ixrac edirlər”.
Əslində, Azərbaycan təkcə daxili bazarını öz istehsalı hesabına keyfiyyətli malla təmin etməklə ümumi daxili məhsulu (ÜDM) və məşğulluğu qat-qat artıra bilər. Rusiya alimlərinin araşdırmasına görə, bir insan orta hesabla il ərzində 1,2 ədəd palto-plaş tipli geyim, yəni palto, plaş, gödəkçə, həmçinin 9,24 ədəd kostyum-don tipli geyim, yəni şalvar, köynək, pencək, don, ətək və s. satın almalıdır.
Palto tipli geyimlərin qiymətini orta hesabla 50 manatdan, kostyum tipli tək geymin qiymətini isə orta hesabla 15 manatdan götürsək, bu, bir nəfərin ildə orta hesabla 200 manatlıq kostyum və palto tipli geyim aldığını ortaya çıxarır. Ümumi respublika səviyyəsində bu, 2 milyard manat, yaxud 1,2 milyard dollar edər.
Bazar araşdırması göstərir ki, bu məhsulların böyük hissəsi xaricdən - Çindən, Pakistandan və Türkiyədən gətirilir, az bir qismi isə ölkə daxilində xarici parçadan tikilir. Gömrük statistikasının nə göstərməsinə baxmayaraq, hər il təkcə kostyum, şalvar, palto, don və köynək üçün ölkədən rəsmi və qeyri-rəsmi yollarla 1 milyard dollardan çox vəsait çıxarıldığı göz qabağındadır.
Halbuki, həmin malların ölkə daxilində qədərindən artıq olan öz xammalımız hesabına təşkili həmin vəsaiti ölkə daxilində saxlamaqla yanaşı, sektorda 50 minə yaxın yeni iş yeri deməkdir. Bunun kənd təsərrüfatına, ticarətə və nəqliyyata manipulyativ təsiri nəzərə alınarsa, açılacaq yeni iş yerləri 100 mini keçə bilər. Neft gəlirlərinin, yəni ölkənin dollar imkanlarının azaldığı bir zamanda hökumətin bu məsələni diqqətdə saxlamasının vaxtı çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?