Xatirinizdədirsə, bu mövzuya biz artıq bir neçə dəfədir ki, toxunuruq. İsmayıllı rayonundan olan və elə məhz öz rayonunda da kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov yenidən bizə müraciət edib. Onun bu dəfəki müraciəti daha sərt bəyanatları ilə fərqlənir.
Namət Əsgərov bəyan edir ki, artıq vəzifəli şəxslərin, aidiyyəti qurum və təşkilatların "Unibank KB” ASC-nin hərəkət və hərəkətsizliyinə, müştərilərə qarşı aqressiv münasibətinə, xüsusən kiçik sahibkarlara qarşı acımasız mövqeyinə göz yummalarından bezib. "Bu münasibətə dur deyən yoxdur, ya da dur deməli olan vəzifəli şəxslər Unibankdan hansısa əsaslara görə çəkinir.”
Namət Əsgərovun bu bəyanatlarını dinlədikdən sonar məsələni bir qədər də ətraflı araşdırmağa başladıq və nəticədə bizə məlum oldu ki, "Unibank KB” ASC banka böyük miqdarda dollar krediti olan müştəriyə müştərinin ucbatından baş verməyən məlum ikinci devalvasiyadan sonra heç bir güzəşt tətbiq etmək istəmir. Hətta Namət Əsgərovun dediyinə görə bankın yüksək rəhbər işçilərindən biri onu danışığa dəvət edib. N.Əsgərov sevinclə bankın rəhbər işçilərindən biriylə danışığa gedib, bankın məsul işçisi isə ona "22000 dollar ödəniş etdiyin təqdirdə sənə hər hansı güzəşt edilməsi məsələsinə baxıla bilər” deyib. Namət Əsgərov haqlı etirazı bildirir. O deyir ki, əgər 22000 dollarım olsaydı, nəyə görə ödəniş etməyib məhkəmələrdə sürünürdüm.
"Axı mən bankdan götürdüyüm krediti kimlərsə kimi kurorta xərcləməmişəm, ya da ədabazlıq etmək məqsədilə bahalı maşın almamışam. Mən bankdan kredit götürüb sahibkarlıq obyekti tikmişəm. Yeni iş yerləri yaratmışam. Cənab Prezidentin iqtisadi kursunu dəstəkləyən bir kiçik sahibkar kimi yeni iş yerlərinin yaradılmasını özümə borc bilmişəm. Bank bilir ki, mən pulu tamamilə son qəpiyinə kimi təyinatı üzrə istifadə etmişəm. Bəs nəyə görə Bank sahibkara dar gündə dəstək durmaqdan boyun qaçırır. Məyər devalvasiyaya mən və ya mənim qohumlarım səbəb olub?! Bu Bank Azərbaycan Respublikasında fəaliyyət göstərərək Azərbaycan vətəndaşlarından, azərbaycanlılardan dolanaraq, azərbaycanlıları Azərbaycandan didərgin salmaqmı istəyir?!”
Namət Əsgərovun vəziyyətini hər birimiz anlayırıq. Başa düşürük və heç birimiz onun yerində olmaq istəmirik. Lakin imtiyaz və səlahiyyət sahibləri nədənsə belə vicdanlı sahibkarlara dəstək olmurlar, əksinə onun tamamilə sarsılmasına və məhv olmasına göz yumurlar. Ümid edirik ki, belə vicdanlı sahibkarlarımızı qoruyan tapılacaq. Ümid və arzu edirik ki, sahibkarımızın (və onun kimi yüzlərlə azərbaycanlının) səsinə Millətimizin Vəkilləri səs verəcək./azxeber.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?