“Problemli kreditlər və bankların vətəndaşları məhkəməyə verməsi artıq sistem əhəmiyyətli problemə çevrilib”.
Bunu iqtisadçı-ekspert Rəşad Həsənov deyib. O bildirib ki, devalvasiyalar zamanı Mərkəzi Bankın (MB) qərarı ilə zərərə düşmüş hüquqi və fiziki şəxslərə, kredit borcu olanlara güzəşt edilməsi haqqında təklif irəli sürülüb: “Bu güzəşt isə dövlət vəsaiti hesabına paylanmalıdır. Bunun mexanizmini də diqqətə çatdırdıq ki, ən pis halda bu zərər 3 tərəf – bank, dövlət və kredit borcu olan vətəndaş, hüquqi subyekt arasında bölünməlidir. Bu istiqamətdə indiyə qədər heç bir addım atılmadı. Həmin borc yükü altında qalan vətəndaş və biznes subyekti son 3 ildə ciddi problemlərlə üzləşib. Qeyri-neft sahələrində fəaliyyət göstərən minlərlə kiçik və orta sahibkar sıradan çıxdı. Qərarın verilməməsi nəticəsində devalvasiyaların yaratdığı zərər faktiki şəkildə ölkənin maliyyə-bank sahəsi bütövlükdə defolta vəziyyəti ilə üzləşdi. Ölkənin ən böyük bankı – Beynəlxalq Bankın (BB) vəziyyəti göz qabağındadır. Hökumətin idarəetmə, nəzarət məsələsində birbaşa cavabdeh olduğu qurumun xilas edilməsi üçün 11,7 milyard manat sərf edilməsi haqqında qərar qəbul edilsə də, kredit təşkilatına ötürülmüş 10 milyarda yaxın kreditin geri qaytarılma ehtimalı 60-70 faizdir. Nəticə etibarı ilə itki 3 milyarddan çox olacaq. Həmin dövrdə kiçik həcmli kreditlərə güzəşt edilməsi üçün lazım olan 250 milyon tapılmadı. Bu pulu MB rəhbəri özü qeyd etmişdi ki, təxminən 10 min manata qədər problemli kreditlərə güzəşt edilməsi üçün lazımdır. Lakin pul tapılmadı”. Məhkəmələrdə hazırda 800 minə yaxın kredit işi olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, məhkəmə sistemi həm infrastruktur, həm də vaxt baxımından bu problemləri həll etmək imkanında deyil: “Ola bilər, bəzilərinə hətta bir neçə il sonra baxılsın. Bu dövr ərzində isə həmin vəsaitlər dövriyyədən kənarda qalır, banklar istifadə edə bilmir. Nəticədə bankların əksəriyyəti son illəri zərərlə başa vurur. Eyni zamanda problemli kreditlərin geri qaytarılması imkanları da məhduddur. Baxmayaraq ki, məhkəmə qərarları verilir, lakin borclunun ödəmə qabiliyyəti yoxdursa, borcun necə geri qayıdacağı müəmmalıdır. Son dövrlərdə məhkəmə işlərinin artmasının səbəbi isə odur ki, bu ilin fevral ayına qədər məzənnədə kəskin dəyişikliklər baş verirdi. Banklar konkret qərarlar qəbul edə bilmirdilər. Ümid edirdilər ki, borclular ani şokdan sonra hansısa vəziyyətdə borclarını qaytarmağa başlayacaq. Buna görə, bəzi hallarda işlərin məhkəməyə getməsi yubadılırdı. Fevraldan sonra manatın məzənnəsinin sabitləşməsi, güzəşt qərarlarının qəbul edilməməsi yükü bankların üzərinə qoydu. Bəzi banklar həqiqətən, öz müştərilərinə güzəştlər təqdim etdilər. Bu kimi görülən tədbirlərdən sonra məsələ hüquqi müstəviyə daşındı. Nəticədə məhkəmələrdə işlərin sayı çoxaldı”. R.Həsənov deyib ki, ola bilər, sonradan vətəndaşlar vəsaitləri qaytarsınlar. Lakin onlar borcları qaytarmaqdan boyun qaçırır və beləliklə, psixoloji olaraq rahatlıq qazanırlar: “Hazırda isə ölkə vətəndaşlarının əksəriyyəti işlədiyi müəssisələrdən uzaqlaşdırılır, ixtisarlar edilir. Tikinti sahəsində xüsusilə, işlərin kəskin azalması əhalinin gəlirlərinə təsir göstərir. Nəticədə digər öhdəliklərlə yanaşı, bank qarşısında öhdəliklərin yerinə yetirilməsində problem yaranır. Bunun həlli üçün gecikmişik. Çıxış yolu yenə də kiçik və orta həcmli kreditlərin güzəşt mexanizminin işlənməsidir. Bunun isə bankaların deyil, dövlətin hesabına təmin edilməsi irəliləyiş yarada bilər. Optimist addım sadəcə bu olar”. Qeyd edək ki, Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də bank və bank olmayan kredit təşkilatları ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artdığını təsdiqləyib./SHERG.AZ
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?