Əkrəm Həsənov: “Problemli kreditlərin əksəriyyəti əliəyriliklə verilmiş kreditlərdir”
2017-ci il mayın 1-dək 1 739,8 milyon manat kreditin ödəmə vaxtı keçib. Mərkəzi Bankdan verilən məlumata görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Ümumilikdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlər 14,9 faiz artıb.
Bank sektorunu çökdürən əsas amillərdin biri olan problemli kreditlərin həcminin ildən-ilə artması cəmiyyəti narahat etsə də, ötən iki ildə hökumət tərəfindən heç bir ciddi addım atılmayıb. Bunun nəticəsində demək olar ki, əksər banklar müflis duruma düşüb, kredit verilişi dayandırılıb, vətəndaşlar banklar qarşısında borclu qalıblar. İqtisadçı ekspertlər isə hesab edir ki, problemli kreditlərin həcmi1,7 milyard manatdan daha çoxdur.
İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, problemli kreditlərin real həcmi ən azı göstərilən rəqəmdən iki dəfə çoxdur: “Beynəlxalq reytinq agentlikləri də bunu daim vurğulayır və elə məhz buna görə də banklarımızın reytinqini endirməyə davam edir. Sadəcə, banklarımız real həcmi gizlədir. Bunun iki səbəbi var. Problemli kreditlər üzrə ehtiyatlar saxlamaq lazımdır, bu isə xərcdir və bankların kapitalını azaldır, nəticədə prudensial tələblər (yəni qanunun və Palatanın banklara qoyduğu normativ göstəricilər) pozulur. Digər tərəfdən, problemli kreditlərin yüksək olması bankların imicinə mənfi təsir göstərir: belə çıxır ki, bank ona pulunu etibar etmiş müştərilərin vəsaitini qeyri-qənaətbəxş yerləşdirir (kredit verir) və müflis olma ehtimalı artır. Təbii, bu da müştəriləri qaçıra bilər. Onsuz da banklarımızdakı əmanətlərin həcmi 2 ildən çoxdur ki, azalan xətlə gedir. Hər bir halda problemli kreditlərin həcmi getdikcə daha çox artır”.
Problemli kreditlərin həcmi niyə artır?
Ə.Həsənovun fikrincə, problemli kreditlərin həcminin artmasının 2 əsas səbəbi var: “Əvvəla, ölkədə iqtisadi böhran yaşanır. Gəlirlər azaldığı üçün kreditləri ödəmək getdikcə daha da çətinləşir. Digər tərəfdən, dollar kreditləri problemi hələ də həllini tapmayıb. Hətta indiyədək borcunu birtəhər ödəyən də artıq ödəmək istəmir və bankdan güzəşt tələb edir. Başqa sözlə, dollarla borcu olanlar devalvasiyanın ağır nəticəsini bankla bölüşmək istəyir. Məsələn, deyir ki, mən krediti alanda məzənnə 0,78 idi, indi 1,7 olub, heç olmasa 1,05 məzənnəsi ilə ödəyim. Amma təəssüf ki, bankların əksəriyyəti məzənnə məsələsində ciddi güzəştə getmir və bu da ödəməyənlərin sayını artırır”.
Nə etmək lazımdır?
Əkrəm Həsənov 3 addımın ardıcıl olaraq atılmasını təcili və zəruri hesab etdi: “Əvvəla, bütün banklarda obyektiv yoxlama aparılmalıdır. Müflis bankların taleyi göstərdi ki, banklar bərbad kredit siyasətinin qurbanı olub. Problemli kreditlərin əksəriyyəti müəyyən sahibkarlara bilərəkdən bank üçün əlverişsiz şərtlərlə verilib. Həmin şəxslər çox güman ki, ya bank sahibləri və inzibatçılarına yaxın şəxslərdir, ya da rüşvət nəticəsində daha asan şərtlərlə alanlardır. Bu məsələ də araşdırılmalıdır. Həmin kreditləri isə bank sahibləri və inzibatçıları verib, kənar auditor və Mərkəzi Bank isə buna nədənsə göz yumub. Yoxlama nəticəsində bu hallar aşkar edilməli, təqsirkarlar müyyən edilməli və kreditlərin dərhal qaytarılması tələb olunmalıdır. Əks halda, cinayət işi açılmalıdır. Bu addımın atılması yəqin ki, qanunda da müəyyən dəyişikliklərin edilməsini tələb edəcək. Belə ki, hesab edirəm ki, kreditlər qayıtsa, cinayət işi açılmamalıdır. Yəni daha çevik olmalıyıq: əsas pulun qayıtmasıdır, kiminsə cəzalandırılması deyil. Bu ilk addım nəticəsində banklara xeyli vəsait qayıdacaq”.
İqtisadçı vurğuladı ki, problemli kreditlərin əksəriyyəti elə əliəyriliklə verilmiş kreditlərdir: “Bu pulların qayıtması nəticəsində bankların çoxunu xilas etmək olar və onların hesabına digər iki addımı da atmaq olar. İkinci addım fakitiki iflasa uğramış şəxslərin məhkəmə tərəfindən müflis elan olunması və onların borclarının silinməsidir. Bu da normal haldır. Kimsə borcunu ödəyə bilmirsə, borcu bağışlanmalıdır. Sivil dünyada bu belədir. Amma eyni zamanda müflis şəxslərə dair qanun müəyyən müvəqqəti məhdudiyyətlər təsbit etməlidir: hansısa vəzifələri tutmaq və s. Nəhayət, üçüncü addım dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqindən ibarətdir. Bundan sonra həmin şəxslər də borclarını ödəyə biləcək. Təbii, bu addımların nəticəsində hansısa bankların vəziyyəti yenə də çətin qala bilər. Bu halda dövlət onlara yardım edə bilər. Xüsusilə vurğulayıram ki, dövlət yalnız bütün bu addımlardan sonra banklara yardım etməlidir. Bütün bu işlər üçün maliyyə ombudsmanı institutunun da təsisi zəruridir ki, kreditorlarla borclular arasında vasitəçi qurum olsun”.
Niyə hökumət bu addımları atmır?
İqtisadçı sualımıza cavab olaraq təəssüflə bildirdi ki, burada subyektiv amillər daha çoxdur: “Əvvəla, maliyyə sistemimizi idarə edənlərin banklarla, bank sahibləri və inzibatçıları ilə sıx əlaqələri var. Necə deyərlər, kəsdikləri ”duz-çörəyin" üstündən keçə bilmirlər. Digər tərəfdən, ciddi kadr problemi var. Böhran göstərdi ki, maliyyə sistemimizi idarə edənlərin əksəriyyəti yaxşı günün inzibatçısı imiş və elə dərin savad və səriştələri yoxdur. Çoxunu yaxşı tanıdığım üçün bunu deyə bilərəm. Bəziləri elementar şeyləri belə bilmirlər. Nəhayət, maliyyə sahəsi üzrə işləyən dövlət qurumları arasında ciddi ziddiyyətlər və konfliktlər var. Hətta bəzi qurumların öz daxilində belə bu hallar var. Məsələn, Palatanın daxilində Rüfət Aslanlının rəhbərlik etdiyi Direktorlar Şurası ilə İbrahim Alışovun başçılıq etdiyi İdarə Heyəti arasında ziddiyyət var. Belə şəraitdə konsturktiv idarəçilik çətindir. Ümumiyyətlə, ən azı hökumətin iqtisadi blokuna vahid rəhbərlik lazımdır ki, hərəsi öz havasını oynamasın".|musavat.com
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?