Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında M. Verdiyevin vəkili Fariz Namazlı çıxış edib. O bildirib ki, M. Verdiyevin Sumqayıtda abadlıq işlərinə görə məsul şəxs olması haqqında heç bir rəsmi sənəd yoxdur:
"Dələduzluq maddəsi ilə ittiham verilib. Dələduzluq ittihamı mənimsənilən pul şəxsi mənafeyə görə sərf ediləndə verilə bilər. Lakin Müqayis Verdiyev pulu Sumqayıtda bulvarın salınmasına xərcləyib".
Vəkil deyib ki, icra başçısı Zakir Fərəcov istintaq zamanı dindirilməyib, maliyyə sənədləri təqdim edilməyib, sərf olunan vəsaitlə bağlı ekspertiza keçirilməyib. F. Namazlı işin yenidən ibtiadi istintaqa qaytarılmasını istəyib. Prokuror vəsatətin təmin edilməməsini istəyib. İclasda iştirak edən zərərçəkmiş şəxslər də işin ibtidai istintaqa qaytarılmasını istəyiblər.
Məhkəmə vəsatəti təmin etməyib. Prosesin baxış iclası yanvarın 25-nə təyin edilib.
Qeyd edək ki, M. Verdiyevə qarşı Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda), 162.1. (Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) və 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, Müqayis Verdiyev tikinti biznesi ilə məşğuldur. Məlumata görə, o, 1998-ci ildə mənimsəmə və israf etmə maddəsi ilə 4 il, 2002-ci ildə dələduzluq maddəsi üzrə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Müqayis Verdiyev Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilərək həbs edilib. 2015 -ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?