Səlim Müslümovla Füzuli Ələkbərovun “ölüyə “qayğı”, diriyə zülm” siyasəti
gundemxeber.az 2010-cu ilin payızı idi. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov YAP qərargahında keçirdiyi mətbuat konfransında saxta əməkhaqqı arayışı ilə yüksək pensiya alanlara ödənmiş vəsaitlərin geri alınmasından danışırdı. Səlim müəllim bəzi kiçik məmurların saxta pensiya biznesi ilə məşğul olduğunu söyləyərkən açıqladığı faktlar, səsinin tonu bu gün də yadımdadır: “Əlilliyə görə pensiya alanların faiz nisbəti üzrə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. Təkcə bu il əlillik pensiyası alanların siyahısına daha 5697 nəfər əlavə olunub. Ölkəmizdə saxta əməkhaqqı arayışları əsasında yüksək pensiya alanların işinin araşdırılması, demək olar ki, başa çatıb. Həmin pensiyaların 95 faizə qədəri ləğv olunub. Araşdırmalar zamanı müəyyən etdik ki, həmin pensiyaçılara verilən sənədlərdə əvvəlki rəqəmlər pozulub yenidən düzəldilib”. DSMF sədrinin iki il əvvəl hakim partiyanın tribunasından səsləndirdiyi bu fikirləri təsadüfən xatırlamadım. Yola saldığımız həftə Beynəlxalq Əlillər Günü (3 dekabr) münasibətilə Bakıda və regionlarda çoxsaylı tədbirlər keçirildi, əlillərin sosial vəziyyəti ilə bir-birindən maraqlı mövzular gündəmə gəldi. Bu mövzulardan ikisi cəmiyyətin diqqətini daha çox cəlb etdi: əlilliyin artması və saxta yollarla pensiya, sosial müavinət almaq istəyənlərlə mübarizə. Elə həmin günlərdə hüquq-mühafizə orqanlarının saxta sənədlərlə əmək pensiyası alan şəxslərin qanunsuz əməlləri barədə yaydığı məlumatlar isə bu məsələyə nöqtə qoydu. Məlum oldu ki, DSMF sədrinin saxta pensiya biznesinə qarşı ciddi mübarizənin aparıldığına dair iki il əvvəl söylədikləri bu gün də aktual olaraq qalır. Yəni ölkədə saxta pensiya biznesinin üstünün açılması istiqamətində aparılan işlər heç də bu sahədə tam şəffaflıq yarada bilməyib. Buna misal olaraq, Baş Prokurorluğun saxta sənədlərlə əmək pensiyası alan iki nəfərin qanunsuz əməlləri barədə bir neçə gün əvvəl yaydığı məlumatı xatırlatmaq yerinə düşər. Həmin məlumatda deyilir ki, İsmayıllı rayon sakinləri Əzizova Aybəniz Gürzalı qızı və Nadirova Şölə Həmid qızının qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olan materiallar araşdırılarkən hər iki şəxsin doğum tarixlərini saxtalaşdırmaq yolu ilə vaxtından əvvəl yaşa görə əmək pensiyasına çıxmağa nail ola biliblər. Nəticədə onlardan biri 7 min 257 manat, digəri 7 min 287 manat məbləğində əmək pensiyası alıb. Ən qəribəsi isə odur ki, bu saxtakarlıqda qanunların keşiyində durmalı olan rayon polis şöbəsinin əməkdaşları da birbaşa iştirak ediblər. Belə ki, hər iki şəxs doğum tarixlərinin dəyişdirildiyini saxta şəxsiyyət vəsiqələrini məhz bu şöbədən alıblar. Bununla da doğum tarixləri 6-7 il əvvələ çəkilmiş bu iki xanım yaşa görə əmək pensiyası almaq “hüququ qazanıb”. Bu yaxınlarda ortaya çıxan fakt isə daha bir utandırıcı nümunəni ortaya qoyub. Məlum olur ki, Azərbaycanda nəinki əlilliyi olmayan, hətta dünyasını dəyişmiş şəxsə də əlillik dərəcəsi verib onu pensiyaya çıxarmaq olur. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) vəfat etmiş şəxsə ölümündən 6 ay sonra əlillik dərəcəsi verilib. Bu ilin martında vəfat etdikdən sonra kənd qəbiristanlığında dəfn olunan şəxsin oğlunun adına xəstəlik arayışı hazırlanıb. TSEK sədrinin dünyasını dəyişmiş şəxsin ailəsini guya, qayğı göstərirmiş kimi hazırlatdırdığı bu saxta sənəd yekunda mərhuma əlillik dərəcəsi verilməsi ilə nəticələnib… Azərbaycanda saxta pensiya biznesinin “çiçəkləndiyini” pensiyaçıların ümumi sayında əlilliyə görə pensiya alanların sayının yüksək olması da təsdiqləyir. Bunun üçün son 3 ilin rəsmi statistikasına baxmaq kifayətdir: 2012-ci ilə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1 milyon 271 min 210 nəfərdən 26,5 faizi, yəni 336,7 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır. Onların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçularıdır. 1 oktyabr 2011-ci ildə ölkədə əmək pensiyası alan 1 milyon 279 min 422 nəfərin 25,9 faizi, yəni 330,8 min nəfəri əlilliyə görə əmək pensiyası alanlardır. Qəribədir ki, ötən il də əlil pensiyaçıların kateqoriyalar üzrə faiz nisbəti builki bölgü ilə yüzdəyüz üst-üstə düşür. Belə ki, bu il olduğu kimi, ötən il də əlilliyə görə əmək pensiyası alanların 3,7 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,8 faizi isə dövlət qulluqçuları olub. 2010-cu 1 oktyabr tarixədək isə Azərbaycanda əlilliyə görə əmək pensiyası alanların sayı 318 min 991 nəfər təşkil edib. Hazırda Azərbaycanda əmək pensiyası alan pensiyaçıların pensiyalarının orta aylıq məbləği 129,5 manatdır. Belə çıxır ki, Cinayət Məcəlləsinin 178.3.2, yəni dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunan 51 yaşlı 2 Azərbaycan xanımı ömrünün bir neçə ilini məhbəsdə keçirə bilər. Saxta sənədlərlə ayda 130 manatdan da aşağı əmək pensiyası aldıqlarına görə. Təkcə 100-120 manata ehtiyac üzündən saxtakarlığa gedən bu binəvalarmı? Bəs, saxta pensiya biznesi ilə məşğul olub kasıb insanlara və dövlətə milyonlarla zərbə vuran məmurlar? Axı, kim bilmir ki, TSEK-lər xəstəliyindən və ya sağlamlığından asılı olmayaraq, insanlara əlillik dərəcələrini 3 min manata satır?! Kim bilmir ki, əlilliyi adi gözlə görünən insanlar bu qədər pulu olmadığı üçün əlillik dərəcəsi ala bilmir?! Elxan SALAHOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?