İctimai iştirakçılıq təmin edilsə, hökumətin fəaliyyətinin səmərəliliyi artar
Azərbaycan Açıq Büdcə İndeks üzrə 100 mümkün baldan 42 bal toplayaraq qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Məlumatı iyulun 9-da Milli Büdcə Qrupunun təşkil etdiyi “Sizin pulunuz - sizin gələcəyiniz” layihəsi çərçivəsində keçirilən “İctimai büdcə əməkdaşlığı” konfransında İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu verib. Ekspert bildirib ki, Azərbaycan hökuməti dövlət büdcəsi ilə bağlı əsas sənədləri ictimaiyyət üçün yalnız qismən açır və cəmiyyətə limitli informasiya ötürür: “Ümumiyyətlə, qiymətləndirilən 100 ölkədən 77-də büdcə şəffaflığının baza standartları belə tam təmin olunmur”.
Qubad İbadoğlu xatırladıb ki, Açıq Büdcə İndeksi xüsusi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını və əsas büdcə sənədlərinin əlçatanlığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verir: “Sorğu 125 sualdan ibarətdir və onu tərəfdaş ölkələrdə müstəqil araşdırıcılar tərtib edir. Bu suallardan 95-i hökumətin büdcə prosesinin müxtəlif mərhələlərində açıqlamalı olduğu 8 əsas büdcə sənədinin (büdcə öncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarım illik hesabat, illik yekun hesabat, audit hesabatı) ictimaiyyətə açıqlığı və əhatəliliyi ilə birbaşa bağlıdır. Qalan 30 sual isə büdcə prosesində ictimai iştirakçılıq imkanları, habelə qanunverici orqanın və ali audit qurumunun büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində oynadığı rolla əlaqəlidir.
Hesabatda Azərbaycan hökumətinin vacib büdcə sənədləri olan “büdcə öncəsi bəyanat” və “vətəndaş büdcəsi”ni hazırlayıb yaymaması, büdcənin icrası ilə bağlı hesabatların və digər büdcə sənədlərinin əhatəli olmaması, habelə qanunverici orqanın və Hesablama Palatasının büdcə prosesi üzərində ciddi nəzarət qura bilməməsi xüsusilə vurğulanır”.
Ekspert büdcənin qəbulunda ictimai iştirakçılıqla bağlı problemləri belə sadalayıb:
- qərarların qəbulunda inhisarçılıq;
- informasiyaya çıxış imkanlarının məhdudluğu;
- hökumət-vətəndaş cəmiyyəti dialoqunun müntəzəm olmaması;
- əhalinin məlumat səviyyəsinin aşağı olması;
- vətəndaş cəmiyyətinin qərarların qəbulunda iştirak texnologiyalarına dair təcrübəsizliyi.
Qubad İbadoğlu düşünür ki, ictimai iştirakçılıq təmin edilsə, hökumətin fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın səviyyəsi azalır, şəffaflıq çoxalır, sosial gərginlik azalır və ölkə davamlı inkişafa meyllənir.
Büdcə işi ilə bağlı hökumətin atmalı olduğu addımlara gəlincə, Qubad İbadoğlu deyib ki, ilk olaraq Büdcə Məcəlləsi qəbul olunmalıdır: “Hökumətin büdcə öncəsi bəyanatı, vətəndaşın büdcə bələdçisi nəşr olunmalıdır. O cümlədən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tətbiqi ilə bağlı ilə 3 illik fəaliyyət planı qəbul olunmalı, Neft Fondunun Müşahidə Şurasında vətəndaş cəmiyyətinin təmsilçiliyi təmin edilməlidir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?