"Region ölkələrində valyutaların düşüşündən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur. Ankara "1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görsənir ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var. Bu isə ABŞ ilə Türkiyə arasındakı gərginliyin arta biləcəyindən və bunun baş verəcəyi halda lirənin yenidən təzyiqlə üzləşəcəyindən xəbər verir".
gundemxeber.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Rusiya rublu da heç də yaxşı günlərini yaşamır. Mütəxəssis hesab edir ki, Kreml "rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən "qara buludların” çəkildiyini söyləmək tezdir:
"ABŞ Prezidenti Trampın son tviti avroya yenidən nəfəs qazandırır. ABŞ Prezidenti Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatların Sisteminin uçot stavkasının artırlması ilə bağlı siyasətini tənqid edib. Belə görsənir ki, Tramp Administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın "ucuz dollar böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə o zaman avronun yenidən möhkəmlənməsi mümkündür. Qlobal və regional valyuta bazarındakı dəyişikliklər, təbii ki, milli valyutamıza da psixoloji təsir göstərir".
İqtisadçının sözlərinə görə, lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi:
"Xarici valyutalara tələb nisbətən azalsa da yenə də əvvəlki aylar ilə müqayisədə yüksəkdir. Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görsənir ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır. Doğrudur baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələb yenidən yüksələcəyi gözlənilir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?