ABŞ-ın qlobal ticarət müharibəsinə başlamasından sonra BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) milli valyuta ilə ticarət aparmaq üçün hərəkətə keçdi.
BRİKS-in növbəti sammiti iyulun 25-27-də Yohannesburqda keçiriləcək. Rusiya sammitə Türkiyəni də dəvət edib. Ərdoğanın sammitdə iştirak edəcəyi BRİKS ölkələrinin ABŞ-la qarşıdurmasında ən diqqət çəkən məqamdır.
Rusiya Araşdırmalar İnstitutunun (RUSEN) rəhbəri, türkiyəli professor Salih Yılmaz Ərdoğanın BRİKS-ə dəvət edilməsinin səbəbinin təşkilata daxil olan ölkələrin milli valyuta ilə ticarət aparmaq siyasətindən qaynaqlandığını bildirib.
“Bu dəvət Türkiyənin həmin ölkələrlə daha sıx münasibətlər quracağını göstərir. ABŞ bəzi ölkələrə təzyiq üçün dollardan silah kimi istifadə edir. BRİKS dolların təsirini azaltmaq üçün milli valyuta ilə ticarət apara biləcəyini elan edir. BRİKS bununla bağlı “yol xəritəsi” hazırlayacaq. Türkiyənin sammitə dəvəti ölkəmizə verilən dəyərdən qaynaqlanır. Rusiya enerji baxımından, Çin istehsal, Türkiyə isə işçi gücü və investisiya baxımından zəngindir. Türkiyə sammitdə yeni layihələr irəli sürə bilər. Xüsusilə “milli valyuta ilə ticarət aparaq, amma nəyi alıb-sataq” məsələsini qaldıracaq”, - deyə o bildirib.
Türkiyəli professor Ərdoğanın BRİKS sammitinə qatılması ilə Ankaranın ABŞ və Avropa İttifaqına “alternativim var” mesajını verəcəyini qeyd edib: “Türkiyə Tramp və Avropa İttifaqına “Mənim Çin, Rusiya, Pakistan kimi alternativlərim var” mesajını verir. Həm Rusiya, həm İran, həm Türkiyə, həm də Çin: bu 4 aktor ölkə Qərblə münasibətlərdə uzlaşmağa çalışırlar. Bu, onlara güc verir. Hesab edirəm ki, ABŞ-ın Türkiyəyə təzyiqində azalma müşahidə olunacaq. Çünki ABŞ bölgədə təsirli olmaq üçün yenidən Türkiyə ilə tərəfdaş kimi çıxış etmək istəyir. Lakin Türkiyənin Qərbə olan etibarı yoxa çıxdı. Buna görə də ABŞ-ın kiçik təklifləri qarşısında Çin və Rusiyanı tərk etməyəcək”.
Cənubi Afrikada keçiriləcək sammitdə Ərdoğan və Putinin təkbətək görüşü də olacaq.
S.Yılmaz hesab edir ki, görüşdə həm NATO zirvəsi, həm də Putin-Tramp görüşündə baş verənlər müzakirə olunacaq.
“Putinlə Ərdoğan Suriyada birlikdə nələr edə biləcəklərini, necə bir “yol xəritəsi” hazırlayacaqlarını da müzakirə edəcəklər. ABŞ-ın Rusiya ilə razılaşdığı, türkiyə və İranın Suriyada təsirlərini itirdikləri haqda danışılsa da, vəziyyət əslində tamamilə əksinədir. Qərb Türkiyə və Rusiyanı bir-birindən ayırmağa çalışsa da, bu iki ölkə birlikdə daha da güclü olduqlarını bilirlər”, - deyə o vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?