Xəbər verildiyi kimi ötən gün Nyu-York və London birjalarında hərracların yekunu olaraq “Brent” markalı neft 6 faizdən çox dəyər itirib. Hərraclar yekunlaşanda neftin bir barelinin qiyməti təxminən 50.6 dollarda sabitləşib.
Bu gün Milad bayramı ilə əlaqədar olaraq London və ABŞ birjaları işləmir. Qərb birjalarının işləmədiyi bir vaxtda Moskva birjasında səhər saatlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi prosesi gedir. İndiki dəqiqlələrə olan məlumata görə Moskva birjasında “Brent” markalı neftin bir bareli 50 dollardan da aşağı düşüb və təqribən 47 dollara yaxındır.
Neftin indiki kəskin ucuzlaşması bir sıra amillərlə bağlıdır. Nəticədə OPEC+ ölkələrinin hasilatı sutkada 1.2 milyon barrel azaltmaq barədə əldə etdikləri və yanvardan qüvvəyə minəcək razılaşma belə neftin dəyər itirməsinin qarşısını ala bilmədi.
Bəs bu amillər hansılardır və neftin ucuzlaşmasının arxasında siyasi səbəblər nə dərəcədə üstünlük təşkil edir.
Analitiklərə görə ötən həftə ABŞ Federal Ehtiyatlar Sistemi növbəti dəfə faiz dərəcələrini artırdı. Bu da inkişaf etməkdə olan ölkələrdə dolların bahalaşması və nəticədə milli iqtisadiyyatlarının geriləməsi ilə müşaiyət oluna bilər. Eləcə də ABŞ-ın özündə investorlar pul siyasətinin sərtləşdirilməsinə mənfi reaksiya veriblər və Birləşmiş Ştatların qiymətli kağızlar bazarında indekslər 2 faizdən çox aşağı düşüb. Bazarlar Vaşinqtonda qəbul edilən qərarlara əsəbi reaksiya verirlər. Çoxsaylı xəbərlərdə deyilir ki, prezident Donald Tramp FED rəhbəri Ceroma Pauellin vəzifədən kənarlaşdırılması imkanlarını müzakirə edir. Bu məsələ, habelə bazardakı volatillik maliyyə naziri Stiven Mnuçini vadar edib ki, ABŞ-ın altı ən iri bankının rəhbərlərini toplasın. Habelə müdafiə naziri Ceyms Mettisin Trampla kəskin fikir ayrılıqlarını elan edib istefa verməsi də Vaşinqtondakı siyasi ab-havanı gərginləşdirib.
Digər amil Çin iqtisadiyyatında baş verənlərdir. ABŞ-la girdiyi ticarət müharibəsində mövqeləri bir qədər zəifləyən Çinin əsas birja indeksi “Shanghai Composite” ötən gün ərzində 2 faizdən çox aşağı düşüb və dörd illik minimm səviyyəsinə enib. Çin iqtisadiyyatında geriləmə əlamətləri dərhal neftin qiymətlərinə təsir edir və indi də belə olub. Eləcədə Yaponiyanın “Nikkei” indeksi Asiya birjaları arasında ən pis nəticəni göstərərək 4.6 faiz aşağı düşüb.
ABŞ hökumətinin hələ də gələn il üçün büdcəni razılaşdıra bilməməsi də bir tərəfdən odun üstünə yağ tökür. Demokratlar partiyasından senatorlar gələn ilin büdcəsində Meksika ilə sərhədə divar tikilməsi üçün 5.7 milyard dolların nəzərdə tutulmasına etiraz edirlər və bu bənd götürülməsə büdcəyə səs verməyəcəklərini deyirlər. Prezident Donald Tramp isə həmin bənd olmadan büdcəni imzalamayacağını bildirir.
Proqnozlara görə Yeni il tətili günləri başa çatandan sonra neftin ucuzlaşması (Qərb birjalarında) davam edəcək. Situasiyanı ancaq OPEC+ razılaşmasına yenidən baxılması və hasilatın daha çox həcmdə ixtisar edilməsi xilas edə bilərdi. Bu formatda növbəti toplantı 2019-cu ilin birinci kvartalında Bakıda olacaq.
Belə görünür ki, Rusiya növbəti dəfə Səudiyyə Ərəbistanı ilə anlaşmağa çalışacaq. Rusiya hasilatın gündə ən çoxu 150 min barrel azaldılmasına razılıq verib və daha artıq ixtisara maraqlı görünmür. Hərçənd məhz OPEC+ razılaşması iki il əvvəl Rusiya iqtisadiyyatını xilas etmişdi. Energetika naziri Aleksandr Novak “Kommersant”a müsahibəsində deyib ki, həmin razılaşma sayəsində Rusiya neftdən əlavə olaraq 120 milyard dollar qazanıb./Virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?