Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,7% artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, təkcə aprel ayında isə mart ayına nisbətən istehlak məhsulları və xidmətlər 0,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 0,8%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlər 0,1% bahalaşıb.
Ay ərzində düyü, manna yarması, makaron məmulatları, qoyun və toyuq əti, kolbasa məmulatları, yoqurt, xama, kərə, qarğıdalı və zeytun yağları, süfrə marqarini, limon, portağal, naringi, alma, heyva, şabalıd, kələm, balqabaq, bibər, badımcan, çuğundur, yerkökü, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, spirtli içkilərin qiymətlərində artım, qarabaşaq yarmasının, təzə balığın, südün, yumurtanın, bananın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, quru noxud və lobyanın, mərcinin qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, mobil telefonların, sementin, kərpicin, kəsilmiş taxtanın, nitro boyaların qiymətlərində artım, soyuducuların, paltaryuyan maşınların, fotoaparatların, televizorların, kondisionerlərin və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aprel ayında mart ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, respublikadan kənara istirahət turlarının, paltarların təmiri, təmizlənməsi və kirayəsi, məişət cihazlarının təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə və hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri artıb, hava nəqliyyati ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Müqayisə üçün bildirək ki istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-mart aylarında 2018-ci ilin müvafiq dövrünə nisbətən MDB ölkələrindən Qırğızıstanda 99,7%, Moldovada 102,5%, Qazaxıstanda 105,0%, Rusiyada 105,2%, Belarusda 105,9%, Tacikistanda 106,6%, Ukraynada 108,9%, Azərbaycanda isə 102,1% təşkil edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?