Bazar ertəsi ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi qubernatorların evdə qalma barədə göstərişlərinə məhəl qoymayan etirazçıları koronavirus nəzarətə alınmayana qədər ölkədə iqtisadiyyatın bərpa olunmayacağı barədə xəbərdarlıq edib.
Qubernatorlara qarşı küçə etirazları son günlər bir neçə ştatın paytaxtında keçirilib. Nümayişçilər müəssisələrin bağlanmasına və 22 milyon işçinin işsiz qalmasına səbəb olan məhdudiyyətlərin yüngülləşdirilməsinə çağırıb.
Nümayişlər zamanı bəzi etirazçılar prezident Donald Trampa ölkə iqtisadiyyatının yenidən açılmasının virusun yenidən canlanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edən doktor Entoni Fauçini hədəf alan "Fauçi işdən qovulsun!" kimi şüarlar səsləndirib.
Tramp dünyanın ən böyük iqtisadiyyatını ən qısa müddətdə, mayın 1-dən etibarən yenidən fəaliyyətə başlamasını istəyir və ölkəni normal vəziyyətə qaytarmaq üçün üç hissədən ibarət plan irəli sürüb.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Fauci ABC kanalının "Sabahın xeyir Amerika" verilişində etirazçıların iqtisadiyyatın bərpa şanslarını poza biləcəklərini deyib.
"Virusu nəzarət altına almasaq, iqtisadiyyatda real yaxşılaşma baş verməyəcək. Beləliklə, siz koronavirusa daha çox yoluxma halı olduğu bir vəziyyətə düşəndə yenidən geri qayıtmalı olacaqsınız" - deyə, o bildirib.
Fauçi açılma qaydalarına tədricən, mərhələli şəkildə riayət edilməli olduğunu, çox sürətlə hərəkətə keçməyin problemlərlə nəticələnə biləcəyini deyib.
Tramp isə bəzi qubernatorların məhdudiyyətlər tətbiq etməkdə "həddini aşdığını" deyərək, etirazçıları tərifləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?