SOCAR-ın Türkiyədəki aktivlərindən olan Petkim “Turkishtime” jurnalının “AR-GE 250” araşdırmasında kimya sektorunun lideri seçilib.
Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata əsasən, Petkim istehsalatda yeni texnologiyaların tətbiqinə ayırdığı sərmayə yatırımına görə lider şirkət hesab olunur.
Bildirilib ki, “AR-GE 250” şirkətlərin tədqiqat və inkişaf sahəsinə investisiya qoyuluşu əsasında hazırlanır. Petkim gələcək inkişafda da keyfiyyətli istehsal prosesinə üstünlük verməkdə davam edəcək.
Qeyd edək ki, 1965-ci ildə təsis edilən Petkim şirkəti 2008-ci ildə “SOCAR Türkiyə”nin tərkibinə daxil edilib. Şirkət hər il təxminən 100 milyon dollara yaxın investisiya cəlb edir. Eyni zamanda, Petkim neft-kimya şirkəti Türkiyənin ən böyük sənaye müəssisə və ixracat liderindən biri hesab edilir.
SOCAR-ın Türkiyədəki törəməsinin nəzdində fəaliyyət göstərən Petkim 2019-cu ildə ümumilikdə 3,4 milyon ton həcmində məhsul istehsal etməklə rekorda imza atıb.
Ötən il Türkiyədə yerləşən Petkim neft-kimya kompleksinə 120 milyon ABŞ dolları investisiya qoyulub. Bu investisiyalar kompleksin işində müsbət əks olunub və əlavə gəlir gətirib.
2020-ci ilin III rübündə şirkət 311 milyon türk lirəsi, təxminən, 36,7 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəlirləri 36 faiz və ya 9,6 milyon ABŞ dolları həcmində artıb.
Bu ilin doqquz ayı ərzində şirkət ümumi 446 milyon türk lirəsi və ya 52,7 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Sorğu
Yeni dizaynımız necədir?