Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə hidrogen nəqli mümkün olacaq.
Gundemxeber.Az-ın məlumatına görə, bu barədə TAP-ın İcraçı direktoru Luka Skyeppati açıqlama verib.
Onun sözlərinə görə, TAP-ın illik nəqletmə gücünün 10 milyard kubmetr olmasına baxmayaraq bunu 20 milyard kubmetrə qədər də artırmaq mümkündür. Konsorsiumun İcraçı direktoru əlavə edib ki, bu məsələ üzərində fikir mübadiləsi aparılır və iyul ayında (bazar testlərinin nəticələrinə əsasən) mövzu ilə bağlı dəqiqləşdirilmə əldə ediləcək.
Luka Skyeppati onu da əlavə edib ki, TAP vasitəsilə gələcəkdə təbii qazla qarışıq hidrogen də nəql edilə bilər və hidrogenin nəql edilən təbii qazın 10 faizini təşkil edəcəyini nəzərə alsaq boru kəməri ilə 1 milyard kubmetrə yaxın hidrogenin nəqli mümkündür.
O bildirib ki, qısa müddət ərzində boru kəmərinin texniki-iqtisadi cəhətdən müvafiq layihəyə hazır vəziyyətə gətirilməsinə başlanılacaq.
Xatırladaq ki, SOCAR ilə İtaliyanın “Snam” şirkəti arasında hidrogen nəqlinin tədqiqinə dair memorandum imzalanıb. Sazişdə iki şirkətin hidrogen və bioqaz istehsalı, həmçinin onun Cənub Qaz Dəhlizi üzərindən nəqli imkanlarının araşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növləri hesab olunur. Bioqaz biokütlə və kənd təsərrüfatı tullantılarından əldə olunur, tərkibi metan olmaqla təbii qazla eynidir.
Hidrogen (H2) metandan (CH4) tam fərqli bir maddədir və kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir. Buna görə hidrogen nisbətən az enerji məsrəfi ilə təbii qazdan və ya nisbətən çox enerji məsrəfi ilə sudan əldə olunur.
Hidrogenin iki üstünlüyü var: müəyyən proses vasitəsi ilə enerjiyə çevriləndə tullantı olaraq yalnız su qalır, bu da ətraf mühitin qorunması üçün daha münasibdir. Digər üstünlüyü onun daha yüksək enerji vermə əmsalıdır.
Hidrogenin nəqli olduqca çətin hesab olunur. Ancaq bəzi araşdırmalara görə hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan Cənub Qaz Dəhlizi ilə gələcəkdə hidrogenin daşınması məsələsi də nəzərdən keçirilir.
Sorğu
Yeni dizaynımız necədir?