Özbəkistanın paytaxtı Daşkənd şəhərində İslam İnkişaf Bankı (İDB) Direktorlar Şurasının 46-cı illik toplantısı çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bu barədə “AzerGold” məlumat yayıb.
Bildirilir ki, memorandumu İCD-nin Baş icraçı direktoru Ayman Amin Sejini və “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıblar.
Anlaşma Memorandumun imzalanmasında əsas məqsəd qarşılıqlı əməkdaşlığın qurulması, səhmləri 100 % dövlətə məxsus olan “AzerGold” QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində böyüməkdə olan tələbatını qarşılamaq üçün sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanlarını araşdırmaqdan ibarətdir. Bununla yanaşı, sözügedən sənəd çərçivəsində tərəflər Azərbaycanda infrastruktur layihələrin icrası ilə bağlı mövcud əməkdaşlıq imkanlarını, həmçinin “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı digər potensial əməkdaşlıq sahələrini müəyyən edəcəklər.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzv ölkələrin inkişafına dəstək verməklə bağlı hədəfinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edən Ayman Amin Sejini “AzerGold” QSC ilə imzalanan Memorandumun beynəlxalq təşkilatın Azərbaycan şirkətlərinin müxtəlif təyinatlı maliyyə mənbələrinə çıxış əldə edə bilməsinə dəstək göstərməklə bağlı yüksək səviyyəli planının bir nümunəsi olduğuna diqqət çəkib.
Xəyyam Fərzəliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib. Səhmdar Cəmiyyətin dağ-mədən layihələrinin icrası üçün ölkə daxilində fərqli maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində uğurlu təcrübəsinin olduğunu, eyni zamanda “AzerGold”un bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb. Sədr müavini aparılacaq müzakirələrin digər potensial fəaliyyət sahələrinin müəyyən edilməsi üçün faydalı olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb.
Xatırladaq ki, ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?