Gundemxeber.az » İqtisadiyyat » Banklar üçün “əcəl zəngi”: sıradakı buyursun - AKTUAL
Azərbaycanda “Günay Bank”dan sonra daha bir bank - “Muğanbank” da ləğv edildi. Hansı ki, bir müddət öncə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuata açıqlamasında Azərbaycanda problemli bankın olmadığını söyləmişdi. İddialara görə, fəaliyyəti dayandırılan bankların sayı bununla bitməyəcək və qarşıda daha bir neçə bank ləğv ediləcək. Bu sırada “Avrasiya”, “BTB” və “VTB” bankların adları çəkilir.
Mövzu ilə bağlı AYNA-ya danışan bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov bankların bağlanma səbəbini onların Mərkəzi Bankın göstərişlərinə əməl etməməsində görür: “Bankların maliyyə göstəriciləri müvafiq göstəricilərə uyğun olmadığı zaman onların lisenziyası ləğv edilir. Hesab edirəm ki, Azərbaycanda banklara qarşı irəli sürülən tələblər çox sərtdir. Digər biznes subyektlərindən fərqli olaraq banklar öz vəsaitləri hesabına deyil, depozitlər, yəni daxil olan vəsaitlər hesabına fəaliyyət göstərir. Müştərilərdən əldə olunan gəlirləri kredit qismində digər müştərilərə verirlər”.
“Nəzərə alanda ki, problemli kreditlərin də həcmi az deyil, belə olduqda banklar çətin vəziyyətə düşür. Bəzən isə müflis olurlar. Daha bir tələb isə nizamnamə kapitalı ilə bağlıdır. Ölkədə bank işlətmək üçün mimimum 50 milyon manat nizamnamə kapitalın olmalıdır”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, banklar müştəriləri üçün problem yaratdıqları təqdirdə bağlana bilərlər: “Formal pozuntulara görə, bankların bağlanması düzgün deyil. Buna güzəşt də etmək olar. Bu günə qədər təkcə kiçik deyil, böyük bankların da müflisləşməsi təcrübəsi olub. “Bank Standart” buna misal göstərilə bilər. “Ata Bank”la bağlı da oxşar vəziyyət yaranıb. Bu banklarda müştərilərin milyardlarla pulu batıb. Bu pulun əsas hissəsi isə sahibkarlara məxsus olub. Qarşıdakı dönəmdə digər bankların da bağlanması məsələsi gündəmdədir”.
GUNDEMXEBER.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, Azərbaycanda bəzi bankların sıradan çıxarılması tendensiyası müşahidə olunur: “Əgər bu, normal rəqabət və bazar qaydalarına uyğun baş verirsə, buna təbii yanaşmaq olar. Lakin əsas məsələ odur ki, proses düzgün idarə olunmur. Əhalidə Azərbaycan banklarına olan inam çox zəifdir. Bankların bağlanması onsuz da zəif olan inamı daha da sarsıdır. Baş verənlər əhalidə banklara qarşı etimadsızlıq yaradır”.
“Düzdür, bağlanan əsasən kiçik banklardır. Bu bankların bazar payı onsuz da aşağı idi. Lakin bu, özü-özlüyündə yaxşı hal deyil. Bank sistemində dərin təmərküzləşmə gedir və faktiki olaraq 3-4 bank bütün bank sektorunu nəzarətə götürür. Bu da, heç şübhəsiz, inhisarçılıq əlamətidir. Təbii ki, harada inhisarçılıq amilləri varsa, orada inkişafdan danışmağa dəyməz”, - deyə müsahibimiz vurğulayıb.
Ekspertin dediyinə görə, Azərbaycanda bankların birləşməsi ənənəsi mövcud deyil: “Məlumdur ki, bir çox hallarda bankların rəsmi sahibləri onların faktiki sahibləri deyillər. Faktiki sahiblərin adları bəzən heç yerdə çəkilmir. Yəni, qeyri-rəsmi olaraq buna nəzarət edən şəxslər də var. Onlardan bəziləri hökumətdə müxtəlif vəzifələrə sahibdirlər. Bu səbəbdən onların birləşməsi, fəaliyyətini vahid bank şəklində aparması müşküldür. Çünki burada müxtəlif maraqlar mövcuddur. Onların öz aralarında münasibətlərindən tutmuş, bankların vəziyyətinə qədər obyektiv və subyektiv məsələlər bankların konsolidasiya məsələsinə maneçilik törədir”.
“Hesab edirəm ki, Azərbaycanda yaxın gələcəkdə problemli banklar ya birləşdirilməli, ya da bağlanmalıdır. Buna məcburi gediləcək, çox banklar bazardan çıxacaq. Çünki bir çox bankların tədiyyə balansında, kredit portfelində də ciddi problemlər var. Ehtimalım ondan ibarətdir ki, qarşıdakı dövrdə daha bir neçə bank bağlanacaq. Problemin həlli yeni yanaşmanın tətbiqindən keçir”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.
GUNDEMXEBER.AZ
16-12-2012, 12:32
5-02-2016, 22:50
29-07-2021, 12:30
2-10-2018, 17:34
23-09-2017, 18:44
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?