Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın olub. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Maraqlıdır, sahibkarlar dəyən ziyanın öhdəsindən necə gələcək? Zərəri kim qarşılamalıdır?
GundemXeber.Az bildirir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, sahibkarlar çox vaxt əmlaklarını sığorta etdirmirlər:
““Dərnəgül bazarı” 30-35 ildir ki, fəaliyyət göstərir, yanğın isə nadir görünən hadisədir. Buna görə də sahibkarlar əmlaklarını sığorta etdirməkdə maraqlı olmurlar. Amma sığorta olmadığı zaman zərər birbaşa sahibkara dəyir. Sahibkarlığın bir riski var və sığorta bunu aşağı salmağa istiqamətlənmiş konstruksiyadır. Sahibkar bu riski sığortalamayanda baş verə biləcək fövqəladə vəziyyətlərdə özü əziyyət çəkir”.
Ekspert bildirib ki, sığorta şirkətləri də bəzi risklərdən çəkinirlər:
“Yəni sahibkarlar əmlaklarını sığortalamaq istəsə belə, hansı şirkətlər bunu öz öhdəsinə götürəcək? Sığorta şirkəti inşaat materialları satılan obyekti sığortalayanda yanğın təhlükəsizliyi qaydalarına riayət olunub-olunmamasına baxacaq. Son baş verən hadisədə isə yanğın təhükəsizliyi ilə bağlı heç bir tədbir görülməmişdi – açıq havada yolun qırağına taxtalar yığılıb və.s Burada sığorta şirkətini də ittiham etmək olmaz. Bu baxımdan, bu kimi məsələlərdə sığorta şirkətləri riski öz üzərinə götürmür. O, özü də sahibkardır və idarə edə biləcəyi riski sığortalayacaq. Əgər yanğın təhlükəsizliyinə cavab verməyən obyekt varsa, şirkət sığortalamaqdan imtina edir”.
Sorğu
Yeni dizaynımız necədir?