Cəlilabad rayonundakı “İran bazarı”nda baş vermiş yanğın söndürülüb.
Yerli sakinlərin "Report"un Aran bürosuna verdiyi məlumata görə, yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib. Yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 1 nəfər isə tüstüdən zəhərlənib. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
18:44
Cəlilabad rayonundakı “İran bazarı”nda yanğın məişət əşyalarının satışı yerindən başlayıb. "Report"un Aran bürosu xəbər verir ki, yanğının əhatə dairəsi daha da genişlənib. Əraziyə Cəlilabadla yanaşı, qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri də cəlb edilib. İlkin məlumata görə, tüstüdən zəhərlənmə və yanğından xəsarət alma halları hələlik qeydə alınmayıb.
18:05
Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın başlayıb. Bu barədə "Report"a rayon sakinləri məlumat veriblər. Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunublar. Hava küləkli olduğundan alovu hələlik ram etmək mümkün olmayıb, hazırda yanğın davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?