BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rusiya ilə Azərbaycan arasında Kür-Araz ovalığında “güzgü” karbon sınağı poliqonunun yaradılmasına dair Memorandum imzalanıb.
“Bu, hər iki ölkə üçün çox əhəmiyyətlidir. Rusiya Elmlər Akademiyasının Aqroekologiya üzrə Federal Elmi Mərkəzi və Azərbaycan Meşə İnkişafı Xidməti birgə sınaq poliqonunun açılması barədə razılığa gəliblər”, Rusiya elm və ali təhsil naziri Valeri Falkov bildirib.
Onun sözlərinə görə, sınaq meydançalarının əsas vəzifəsi vahid beynəlxalq monitorinq protokollarını hazırlamaq və iqlim məlumatlarını yoxlamaqdır.
“Azərbaycanda da sınaq meydançası yaradılacaq. İl ərzində ekoloji problemlərlə bağlı iki müvafiq tədqiqat aparılıb. Hesab edirik ki, siyasətçilərin qərar qəbul etməsi üçün ciddi elmi əsaslandırma hazırlamaq vacibdir və bu kontekstdə karbon poliqonları lazımdır”, o qeyd edib.
Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun laboratoriya müdiri Sergey Qulev bildirib ki, Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsinə töhfə verərək karbon emissiyalarını atmosferdən çıxarmaq olar.
“Biz Azərbaycanla sıx əməkdaşlıq edəcəyimizə ümid edirik. Qeyd etmək istərdim ki, çox yaxında, Xəzər regionunda, Dağıstan ərazisində dəniz karbon sınağı poliqonu yaradılacaq. Xəzər bu mənada çox maraqlıdır, onun səviyyəsi aşağı düşür, nəhəng torpaq sahələri boşaldılır və indiyədək bu ərazilərdə heç bir problem tədqiq edilməyib”, o qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?