Dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının əsas vəzifələrindən biridir. Bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib: «Hazırda məsələ ilə bağlı qanunvericiliyin hazırlanması mərhələsindəyik. Bunun üçün beynəlxalq təcrübəni nəzərə almaq və mühüm təcrübəyə malik beynəlxalq ekspertləri dəvət etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində «Tvinninq» layihəsi hazırlanıb. Layihə artıq təsdiq edilib, icraçı təşkilatlar seçilib».
Onun sözlərinə görə, həmin ölkələrdən biri Latviya, ikinci tərəfdaş isə Almaniyadır. Bu ölkələrin ekspertləri ilə aparılan ilkin müzakirələr tamamlanıb: «Yaxın aylarda Azərbaycanla Avropa Birliyi arasında bu layihənin imzalanma prosesinin başa çatmasını gözləyirik. Bundan sonra layihənin reallaşdırılmasına start veriləcək. Layihənin həyata keçirilməsi dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının yaradılmasının qanunvericilik əsaslarını formalaşdıracaq».
DSMF sədri bu sahədə hələlik bir çox sualların olduğunu da qeyd edib. O bildirib ki, həmin suallar ilk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı ilə bağlıdır.
«Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmaq lazımdır», - deyə E.Mehdiyev əlavə edib.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin hansı mənbə hesabına formalaşması olduğunu açıqlayan Fond sədri qeyd edib ki, bir çox ölkələrdə bu, məcburi, digərlərində könüllü yığım komponentləri şəklində tətbiq olunur. E.Mehdiyevin sözlərinə görə, qlobal maliyyə böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkələr məcburi yığım komponentindən imtina edib. Çünki məcburi yığılan vəsaitlər dövlət tərəfindən yerləşdirildikdən sonra, onlar konkret divident gətirilməli olduğu halda, bu, baş verməyib, əksinə sistemdə çökmə baş verib.
«İkincisi, Azərbaycan kimi sosial sığorta normativləri aşağı olan dövlətlərdə məcburi hissənin hansı tərkibinin dövriyyədən kənarlaşdırılaraq yığım komponentinə yönləndirilməsi məsələsi həll edilməlidir. Belə ki, sosial sığorta normativlərinin artırılması ilə nə işəgötürən, nə də işçi razılaşır. Bir sözlə, bu sahədə araşdırmalar aparılıb və konkret nəticələr irəli sürülüb. Yekun təkliflər DSMF, Maliyyə Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı Konsepsiyasının yeni müddəalarını təşkili edir. Sənəd təsdiq olunandan sonra, ölkədə yığım komponentinin tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin aydın elementləri məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun olaraq «Tvinninq» layihəsi ilə qanunvericilik formalaşdırılacaq», - deyə Fond sədri vurğulayıb
Sorğu
Yeni dizaynımız necədir?