Elman Mehdiyev: «Azərbaycanda dövlət pensiyaları daha artırmayacaq» Sosial sığorta haqının normativinin strukturunun təkmilləşdirilməsi pensiya sistemində növbəti mərhələ üçün aparılacaq islahatların əsas istiqamətini təşkil edir. Bu istiqamətdə bir neçə alternativlər üzərində işləyirik. Məqsəd işəgötürənlərin əmək haqlarını daha yüksək məbləğlə rəsmiləşdirməyə maraq göstərmələri və aşağı əmək haqqı qeydi məsələsinin məhdudlaşdırılmasıdır. “APA-Economics”in məlumatına görə, bunu dövlət sosial müdafiə fondunun (DSMF) rəhbəri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, 22+3%-lik nisbət (fiziki şəxslər işçilər üçün məcburi dövlət sosial sığorta haqqını) qarşıdakı dövrlərdə mərhələlərlə dəyişdiriləcək və optimal nisbətə çatdırılacaq. “Sosial sığorta haqlarının normativi bu gün Azərbaycanda kifayət qədər aşağı səviyyədədir. Bu həm sığorta pensiya sisteminin maliyyə yükü üzrə aktlar - tədqiqatlarda da aydın görünür, həm də digər ölkələrin pensiya sistemlərinin sosial-sığorta normativlərini müqayisə etməklə siz bunu aydın görə bilərsiniz. Əsas məqsəd ümumi sosial sığorta normativi tərkibində işəgötürən və işçi nisbətlərini optimallaşdırmaqla, əmək haqlarının leqallaşmasına və hər bir şəxsin bu sistemdə aktiv iştirakına təmin verəcək diferensiallaşdırılmış normativin ortaya qoyulmasıdır”, - deyə E. Mehdiyev qeyd edib. Pensiyaların artımına toxunan fond rəhbəri deyib ki, DSMF sistemində pensiyaların artımı mexanizmi hazırda fərdi hesablara toplana pensiya kapitallarının artırılması vasitəsilə reallaşdırılır: “Pensiya artımlarına nail olmaq üçün ilk növbədə ödənilən əmək haqlarının leqallaşdırılması və bu əsasda daha yüksək sosial sığorta haqlarının fərdi hesablarda qeydinə nail olmalıyıq. Fərdi hesablarda pensiya kapitalları artdıqca, avtomatik şəkildə hər il indeksləşdirilir və bu da pensiyaların artımını şərtləndirir”. E. Mehdiyev qeyd edib ki, sığorta pensiya sistemində fondun təklif etdiyi əsas artım mexanizmi məhz DSMF-nin gəlirlərinin artımı və əlavə fiskal təsir yaratmayan qaydada bu gəlirlərin pensiya hissələrinin indeksləşməsinə və sığorta kapitallarının artırılmasına yönəldilməsindən ibarətdir.
“DSMF-də 2 mln. 800 min nəfərdən çox şəxs fərdi uçot qeydiyyatına alınıb. Bu ötən dövrdə əmək haqlarının ölkədə leqallaşması nəticəsində bizə verilən ən böyük üstünlükdür. Ötən illə müqayisədə 100 milyondan çox vəsait toplaya bilmişik. Növbəti ildə də əmək haqlarının orta aylıq artımı və iş yerlərinin və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına qeyri-büdcə daxil olmalarını təqribən 12%-lik artımını proqnozlaşdırırıq”, - deyə E. Mehdiyev açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?