Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətini tənqid etməsi "oturduğu budağı kəsməkdir"
gundemxeber.az Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl Sumqayıtda etdiyi çıxışda deyib ki, bu günkü Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranıb:"Bu tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi". Prezident AXC-nin bu qərarını "böyük səhv və böyük cinayət" adlandırsa da, bunun tarixi fakt olduğunu deyib: "İrəvan xanlığı bizim tarixi torpağımızdır". Prezidentin bu çıxışına etiraz edən Respublikaçı Alternativ Hərəkatı bəyanat yayıb. Bəyanatda deyilir ki, REAL prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətini ittiham etməsini qınayır və bunu "avtoritar idarəetmə mövqeyindən irəli gələn əsassız bir ittiham kimi" qiymətləndirir. Hərəkat təmsiçilərinin fikrincə, "tarixi tamamilə yanlış interpretasiya edib, Azərbaycan Xalq Cümhuriyyəti irsinə “cinayətkar” damğası yapışdırmaqdansa, İlham Əliyevin bu məsələlər barədə düşünməsi daha müvafiq olardı". Bəyanatda deyilir: "Ölkəni avtoritar üsullarla idarə edən indiki hakimiyyətə demokratik idarəetməyə malik Azərbaycan Cümhuriyyətinin dəyərləri və fəlsəfəsi tamamilə yaddır. Çünki bu hakimiyyətin başında duranlar dövləti özlərinin şəxsi mülkiyyəti hesab edirlərsə, cümhuriyyətimizin baniləri əksinə özlərini Azərbaycan dövləti ideyasına, onun istiqlalı və demokratik dəyərlərinə qurban vermişdilər". Müsavat Məclisinin sədri Arzu Səmədəyli prezidentin açıqlaması ilə bağlı deyib ki, ölkə başçısının bu fikirləri bilgisizlikdən və qərəzdən irəli gəlir. "Bu, oturduğu budağı kəsməyə oxşayır. Sən Cümhuriyyətin bayrağını, gerbini, bayramlarını qəbul et, başqa tərəfdən də bu cür absurd ittihamlarla AXC-ni şərləyərək ittiham et". Bazar ertəsindən etibarən prezidentin sözləri sosial şəbəkələrdə müzakirə olunur. Yazanların bir çoxu prezidentin dediklərini tənqid edir. Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın təşkilatçılığı ilə dinləmə keçirilib. Musavat.com-un toplantıda iştirak edən əməkdaşının verdiyi məlumata görə, dinləmələr müxtəlif insanlar tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin dövründə İrəvanın ermənilərə verilməsi barədə səslənən iddialara həsr olunub. Tədbirin aparıcısı Müsavat Partiyasının başqanı İsa Qəmbər olub. Müsavat başqanı İrəvanın AXC dövründə ermənilərə verilməsi ilə bağlı iddiaların əsassız olduğunu bəyan edib. Tarixçi alim Nəsiman Yaqublu geniş məruzə ilə çıxış edib və son vaxtlar səslənən iddiaların həqiqəti əks etdirmədiyini tarixi faktlarla əsaslandırıb. AXCP sədri Əli Kərimli, professor Firudin Cəlilov da çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətini gözdən salmağa yönələn iddiaları pisləyiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?