Sabiq səhiyyə naziri, məhbus Əli İnsanov BMT İnsan Hüquqları Komitəsinə, ATƏT-ə, Avropa Şurasının prezidentinə, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icrasına nəzarət departamentinə, Avropa Şurası Nazirlər Komitəsinə daxil olan ölkələrin xarici işlər nazirlərinə, ABŞ Dövlət Departamentinə, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarına müraciət edib.
Virtualaz.org-un “Turan”-a istinadən məlumatına görə, sabiq nazir yazır ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam icra etmək barədə öhdəlik götürsə də, onunla bağlı qərarı icra etmir.
Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir. Hazırda Ali Məhkəmə Plenumunun qərarı ilə onun işinə yenidən baxılır.
Sabiq nazir müraciətində yazıb: “Ali Məhkəmənin sədri Ramiz Rzayev plenumda açıq-aşkar bildirdi ki, Azərbaycan müstəqil dövlətdir, Avropa Məhkəməsinin qərarını icra onlar üçün göstəriş ola bilməz. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarını icra etmədiyinə görə heç bir məsuliyyət daşımadığını güman edərək hazırkı apelyasiya baxışını da mənim hüquqlarımı kobud şəkildə pozmaqla aparır. Mən heç bir qanuni əsas olmadan səs buraxmayan şüşə qəfəsdə saxlanıram, məhkəmə iclasında danışmağıma imkan verilmir. Mənim danışmağım məhkəmə iclasına sədrlik edənin əlində olan düymədən asılıdır. Məhkəmə zalında danışılanları eşitmirəm, mənim danışığım isə məhkəmə zalında eşidilmir.
Yanvarın 31-də məhkəmə iclasında fasilə zamanı vəkilim qəfəsə yaxınlaşaraq kağızda yazdığı qeydi mənə göstərmək istədikdə xüsusi xidmət orqanlarının əməkdaşları onu itələyərək mənimlə ünsiyyətə imkan verməyiblər. Məhkəməyə sədrlik edən hakim vəkillərin bununla bağlı müraciətinə əhəmiyyət verməyib və vəkillərimin hər hansı vəsatəti təmin edilməyib”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?