Nazir İbrahimovun oğlunun təyyarələri, katerləri və ada əyləncələri - (Fotolar) Şəxsi təyyarəyə malik olmaq biznesmenlər və dövlətin birinci şəxsləri üçün adi işdir.
Bu da başadüşülən məsələdir. Bəzən elə olur ki, dünyanın üç müxtəlif yerinə getməli olursan. Necə deyərlər, vaxt qızıldır. Doğrudur, burada bəzi istisnalar da ola bilər. Məsələn, prezident Dalya Qribauskayte Litvanın büdcəsinin qayğısına qalaraq ekonom-klassda uçur...
Bununla belə azərbaycanlı məmurlar şəxsi təyyarəyə malik olmaq komfortundan imtina etmirlər. Edə bilmirlər. Öz ölkələrinin büdcəsi onları əsla narahat eləmir. Londona konfransa uçmaq, geri qayıdanda Kiyevə düşüb nahar eləmək, axşam da Bakıya qayıtmaq... Onların fikrincə, burada qeyri-adi nə var ki?!
Şəxsi layner sahibləri ölkənin ən ciddi adamlarıdır. Şəxsi təyyarələrlə bağlı nə varsa, hamısı kənar, yad gözlərdən xüsusi canfəşanlıqla qorunur. Məmurların belə şəxsi təyyarələrinin praktiki olaraq hamısı kommersiya qurumlarının, holdinqlərin adına qeydiyyatdan keçirilib. Həmin şirkət və holdinqlərin əsl sahiblərinin adını açıqlamaq isə ciddi şəkildə yasaqlanıb.
Amma burada həmişə bir problem yaranır. Bu problemin də adı məmur balalarının əhlikefliyi və şıltaqlıqlarıdır. Valideyn nəvazişi altında əzilib-büzülən bu korlanmış uşaqlar gerçək həyatdan çox uzaq düşüblər. Onların heç ağıllarına da gəlmir ki, özlərinin dəbdəbəli həyat tərzlərini nümayişkaranə şəkildə hamıya göstərməklə əslində öz valideynlərini gözdən salırlar.
Amma onlar bunu da başa düşə bilmirlər. Onlara elə gəlir ki, bu əməllərində heç bir qeyri-adilik yoxdur.
“Əgər hamı belədirsə, onlardan nəyim əskikdir?” - Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur da belə düşünür.
Amma Elnur nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlu Aynardan fərqli olaraq (virtualaz.org saytı bu barədə artıq yazıb-red.) öz İnstagram səhifəsində bahalı maşınları və ya qol saatları ilə lovğalanmır. Bu xırda-xuruş oyuncaqlar onun nəyinə lazımdır?! Axı onun əlində daha ciddi arqumentlər, daha bahalı oyuncaqlar var!!!
Elnur səyahət eləməyi çox xoşlayır. Amma adi “Aerobus-320” tipli təyyarədə tərləyə-tərləyə uçmaq və səninlə qonşu kresloda oturmuş hansısa kök bir xalanın tər iyini udaraq əzab çəkmək Elnurluq deyil. Biznes-klassda uçmaq da artıq dəbdən düşmüş səyahət sayılır. Elnur xüsusi komfortu və əlahiddə xidməti, yəni açıq desək, şəxsi təyyarədə uçmağı sevir.
Azərbaycanlı məmurun oğlunun həyat tərzi yalnız Bakı gənclərinin çox sevdiyi ingilisdilli V.İ.P. abbreviaturasına daxil olan xidmət və rahatlıq üzərində qurulub.
Mövsümün ən qızğın vaxtında Maldiv adalarında istirahət etmək? Niyə də olmasın?!
İstirahət günlərində, boş vaxtlarında dostları da götürüb İstanbula gəzməyə getmək? Heç bir problem yoxdur! Bu, sevimli oğlundan heç nəyi əsirgəməyən məmur atanın əlində nə çətin işdir ki?!
Yəqin bizim oxucular bilmək istəyəcək ki, özəl təyyarənin icarəyə götürülməsi neçəyə başa gəlir. Belə təyyarələrin bir saatlıq kirayə haqqı 2500-10 000 avro arasında dəyişir. Qiymət təyyarənin modelindən, salonundan, xidmətdən və verilən yeməkdən asılıdır.
Əlbəttə, Elnur hansısa YAK-da və ya AN-da uçmur. Bu sınıq-salxaqlar kimə lazımdır axı?!
Bəs belə olan halda Maldiv adalarına uçmaq neçəyə başa gələrdi? Orta hesabla saatı 5 min avrodan götürək. Başa düşmək lazımdır ki, kiçik təyyarədə belə uzaq məsafəyə uçmaq mümkün deyil, haradasa dayanmaq, yanacaq götürmək, əlavə texniki baxışdan keçmək lazımdır. Deməli, təxminən 8 saatlıq uçuş götürsək, bu səyahət haradasa 40 min avro edəcək. Əgər tez-tez uçursansa, özü də dünyanın hər yerinə, bəlkə özünə xüsusi təyyarə alasan. Daha sərfəli və rahat olmazmı?
Yeri gəlmişkən istisna deyil ki, Elnur sabah çıxıb təyyarəni əmisindən “borc götürdüyünü” deyəcək. Axı onun milyarder əmisi, Xəzərdə süni adalar yaradıb yeni şəhər salmaq layihəsi üzərində işləyən Hacı İbrahim Nehrəmlinin şəxsi təyyarəsi var və o, öz gəlirləri haqda danışmaqdan utanmır.
O, “New York Times” qəzetinin müxbiri ilə söhbətində demişdi ki, özünə 7 milyon dollara yaxta alır.
İstənilən halda Elnur öz varlı valideynlərinə oxşamaq istəyir.
Budur, o, katerdə şütüyür, qiyməti isə təyyarəyə baxanda qəpik-quruşdur. Bakıda bu cür nəqliyyatın kirayəsinin bir saatı 500 manata başa gəlir. Sıradan vergiödəyicisi bu əyləncə vasitəsini heç kirayə də götürə bilməz, o ki qaldı onu almaq...
Boş-bekarçılıqdan bezəndə Elnur paytaxtın ən elitar restoranlarında bahalı alkoqollu içkilər içməklə, habelə DJ-liklə də məşğul olur. Yəni özünün vaxtaşırı olaraq təşkil etdiyi qapalı məclislərində “val fırladır”. Hərdən də belə məclisləri vətənində deyil, Parisdə təşkil edir ki, bütün dostları, hətta çoxdandır Bakıda yaşamayanlar da gələ bilsinlər.
Qeyd etmək lazımdır ki, Elnurun ailəsi ümumən yaradıcılığa meyllidir: bacısı modelyerdir, anası bəstəkarlıq edir. Budur, oğlu da kənarda qalmaq istəmir, axı öz makbukundakı xüsusi proqramda trekləri bir-birinə calamağı hətta Paris Hilton da bacarardı. Hesab edin ki, hamı bacarar.
Elnur həmçinin ingilis dilində öz məhdud biliklərini də nümayiş etdirir. Görünür, bu, Bakının “qızıl gəncliyi”ndə hansısa yeni səviyyəli lovğalıqdır. Bəs necə?! Qoy sənin qısqanc dostların bilsinlər ki, onlar özlərini sənin kimilərin yerinə qoymağa cəsarət edə bilməzlər...
Necə deyərlər, dostları almaq mümkün deyil. Ancaq sınaqdan keçirmək olar! Elnur öz kompanyonları arasında yeni obrazda ideal məmur imici olan 34 yaşlı Ramin Məmmədovu seçib. Ramin Məmmədov YAP-ın Gənclər Təşkilatının beynəlxalq məsələlər üzrə sədr müavinidir. Adama elə gələr ki, sadə partiya funksioneridir, hələ “komsomolçu”dur, ancaq o, artıq şəxsi təyyarədə uçur. Necə deyərlər, yüz rublun olmasın, ancaq yüz dostun olsun!
Hələ onu da deyirlər ki, uşaqlar ailənin güzgüsüdür. Şəhərdə dolaşan şayiələrə görə, bir neçə il əvvəl Nazim İbrahimov qızının 20 yaşında ona yuvelir butikindən saat alıb. Alıb deyəndə ki, saatı götürüb və bir neçə günə pulunu çatdıracağını deyib (qiymət az deyil, hardasa 50 min avro). Nazirə rədd cavabı verə bilməyiblər, necə də olsa, böyük adamdır. Ancaq yarım il ərzində zənglər heç bir nəticə verməyib, saatın pulunu heç kim qaytarmayıb. Nəticədə butikin sahibi olan başqa nazir (ayrı kim olası idi ki?) lazımi rıçaqları işə salıb və saatın pulu verilib.
Bakıda belə lətifə də gəzir: ağzına qədər məmurlarla dolu olan marşrutkada sürücüyə pul verən tapılmayıb...
Belə olan halda məmurların uşaqları nəylə fəxr edə bilər? Bəlkə öz valideynlərinin ədalətli olması və rüşvət almaması ilə? Yaxud şərəfləri və xeyriyyəçilikləri ilə? Yəqin onların özləri də bilmir. Onlar heç fikirləşmir də. Nəylərinə lazım...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?