Nazim İbrahimovun oğlunun da fotolarının yayılması Əli Həsənovu çağırışa məcbur etdi; növbəti nazir övladının görüntüsü hakimiyyətə qarşı üsyana səbəb ola bilər
Azərbaycanlı məmurların harınlamış övladları əndazəni aşıb. Diaspora Komitəsinin rəhbəri Nazim İbrahimovun oğlunun da təyyarələri, katerləri olan fotolar yayılıb. Prezidentin müşavirədə çıxışından sonra məmur övladlarının qudurğanlığına son qoyulması gözlənilirdi. Getdikcə isə onların özbaşına hərəkətləri genişlənir. Hətta bir prokuror övladının törətdiyi qəzanı təqdim etdiyi üçün jurnalist prokurorluğa çağırılır. Artıq vəziyyət ciddiləşdiyi üçün baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov son günlər mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir: “Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir”. Baş nazirin müavini həmişə olduğu kimi açıq və ünvanlı danışıb. O, bununla iqtidarın narahatlığını ifadə edib. Çünki növbəti bir məmur balasının qudurğan hərəkəti ölkəni Ukrayna kimi kataklizmlərə apara bilər. Bu barədə “Gündəm-xəbər”ə danışan siyasi şərhçinin sözlərinə görə, son bir ayda deputat oğlu, prokuror övladı, iş adamının balası, komitə rəhbərinin övladının əhli-kef fotoları mediada yayımlanıb. Bu da prezidentin “özünüzü yığışdırın” xəbərdarlığına əks hərəkətdir. Eyni zamanda Hacıbala Abutalıbovun “ölkədə bir kişi var, o da prezidentdir” ifadəsi böyük hiddət doğurub. YAP-çı deputat Siyavuş Novruzov onun bu çıxışını düzəltmək istəsə də, artıq gecdir. Hətta buna etiraz olaraq fevralın 24-də mitinq keçiriləcəyi gözlənilir. Həm məmur balalarının qudurğanlığı, həm də Bakı merinin yersiz ifadəsi qəzəb yaradıb. Şəhərin Fəvvarələr meydanında aksiya olacağı haqda sosial şəbəkələrdə məlumatlar yayılıb, çağırış səhifəsi təsis olunub. Görünən budur ki, hakimiyyət öz məmurlarına, onların övladlarına nəzarət edə bilmir. Var-dövlət onların gözünü elə tutub ki, heç bir mənəvi xətti nəzərə almadan çıxışlar edirlər. Elə Quba, İsmayıllı, Astaradakı hadisələr buna bariz nümunədir. Siyasi şərhçi hesab edir ki, başqa nazir övladlarının da video, foto görüntüləri yayılacağı istisna deyil. Bu isə saray daxilində iqtidarın altına qoyulan bombalardır. Onlar nə vaxtsa partlaya və hökumətin əleyhinə siyasi tələblərə çevrilə bilər. Hətta Nazim İbrahimovun qardaşı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov da bu hərəkəti tənqid edib: “Qardaşım necədirsə, bunun mənə nə aidiyyəti? Açığı deyim ki, qardaşımın və onun oğlunun işlərindən xəbərim yoxdur. İndi mənim o qədər öz problemlərim var ki, onları həll edirəm”.
Sorğu
Yeni dizaynımız necədir?