«Əgər bu adamlar bir yetimin haqqını yeyirlərsə» Dünən belə bir məlumat yayıldı ki, Diasporalarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bir müddət əvvəl yaşadığı mənzildə yanğın olduğundan, kirayə evdə qalmaq məcburiyyətində qalıb. Hər halda, bu xəbər inandırıcı olmasa da, böyük rezonansa səbəb olub.
Elə müraciət edən qazaxlı iş adamı Elşad Məmmədov da bildirir ki, Nazim İbrahimovun kirayədə qalma xəbəri onda təəccüb yaradıb: «Mənim 2 evimi onun qardaşı - «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli əlimdən alıb. İş artıq məhəkmədədir. Və bu barədə mətbuatda dəfələrlə yazılıb. Özüm də hazırda kirayədə qalıram. Hətta ən minimum kommunal şəraitim belə yoxdur. Kimlərsə bu İbrahimovlar barəsində əzabkeş obrazı yaratmağa çalışır. Amma yanılırlar. Çünki bu gün əzən tərəf onlardır. Onlar heç bir vaxt əzilən tərəf ola bilməzlər. Yaxşı məlumdur ki, bütün bunlar Nazim İbrahimovun və yaxınlarının dəmdəstgahlı həyat şəraiti barədə mətbuatda yazılanları ört-basdır etməyə hesablanıb. Amma alınmayacaq. Kim buna inanar? Əgər bu adamlar bir yetimin haqqını yeyirlərsə, məni özünü yandırma həddinə qədər çatdırırlarsa, onların səmimiyyətinə necə inanmaq olar?» Bildirək ki, əslən Qazax rayonundan olan sahibkar Elşad Məmmədov 355 min manat pulunun Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli tərəfindən mənimsənildiyini iddia edir. Elşad Məmmədov açıqlamasında onu da əlavə etdi ki, əslində Hacı İbrahim Nehrəmli kimi qardaşı olanın kirayədə yaşamasına inanmaq da olar: «Onun əlində nəinki minlərlə ev, bütün Azərbaycan olsa belə, onun nəinki kiməsə yaxşılıq etdiyinə ümid etmək olmaz, hətta ondan qorunmaq belə lazımdır. O ki qaldı qardaşına belə sığınması üçün ev verə. Onun bu gün təyyarəsi belə var. Qardaşı isə deyirlər ki, kirayədə qalır. Gülməlidir, vallah»… Qarşı tərəfi də dinləməyə hazırıq…
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?