Son zamanlar Bakıda gərginliyə səbəb olan hadisələrin baş verməsinə artıq öyrəşməyə başlamışıq. "Sovetski" ilə bağlı baş verən gərginlik yüksək səviyyəli dövlət rəsmilərinin müdaxiləsi ilə yenicə ötüşmüşdü ki, Bakı Dövlət Universitetində tələbələrlə ali məktəb rəhbərliyi arasında insident baş verdi. Həftənin sonunda isə birdən-birə "Razin tolkuçkası" kimi tanınan ticarət mərkəzinin sökülməyə başlaması ticarətçilərlə polis arasında qarşıdurma ilə nəticələndi. Hər iki insident zamanı vəzifəli şəxslərin insanlarla davranışını düzgün adlandırmaq olmaz.
Hər iki halda insident güc tətbiqi ilə nəticələndi. Universitetdə ali məktəbin mühafizəçiləri, Bakıxanov qəsəbəsində isə polisin iştirakı ilə qarşıdurma baş verdi. Amma hər iki hadisə zamanı məmurlar problemə düzgün yanaşma nümayiş etdirsəydi, iş sonda zora gəlib çatmazdı. Məmurların isə vətəndaşların problemlərini həll etməli olduğu barədə dəfələrlə xəbərdarlıq edilib. Prezident İlham Əliyev bu barədə sonuncu tapşırığını cəmi bir neçə həftə əvvəl səsləndirmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Məmur xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm, hər bir dövlət məmuru öz məsuliyətinin dərk etməlidir, hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə omalıdır və vətənə sadiq sədaqətli olmalıdır, heç bir xarici dairənin təsiri altına düşməməlidir”.
Prezidentin məmurların xarici təsir altına düşməsi ilə bağlı dediyinin də böyük alt qatı var. Doğrudur söhbətin hansı məmurdan getdiyi məlum deyil. Amma dəfələrlə bildirilib ki, Azərbaycanda illərlə təmin edilən ictimai-siyasi sabitliyə real təhlükələrdən biri bu gün məmur özbaşınalığıdır. Bunun üçün Quba və ya İsmayıllı hadisələrini yada salmaq kifayət edər. Bu gün Azərbaycana ticarətçilərin və ya tələbələrin kütləvi etirazı lazımdırmı?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?