“Rusiyanın 8 yerə bölünüməsi ilə bağlı plan hazırdır”
“Türkiyə vaxtilə özünün torpaqları olmuş ərazilərin statusunun müəyyən olunması məsələsində hamıdan çox haqqı olan ölkədir. Rusiya Krım tatarlarına qarşı növbəti provakasiyalar hazırlayır. Belə olan təqdirdə Türkiyə niyə də dövriyyəyə girməsin?!”. Bunu politoloq Qabil Hüseynli Türkiyənin Krımdakı hadisələrə mövqeyini şərh edərkən bildirib: “Türkiyə Rusiyanın işğalçılıq siyasətinə lazımı təpki göstərəcəyini açıqlamalıdır” O deyib ki, rəsmi Ankaranın müəyyən səyləri olsa da, Krım məsələsində lazımı aktivlik göstərmir. Politoloqun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ad çəkmədən problemlərin dinc yolla həllini deməsi yalnız deklorativ xarakterli bəyanatdır. “Türkiyə çox açıq formada heç kimin dövlətlərin qanuni sərhədlərini pozmağa haqqının olmadığını bəyan etməli idi. Türkiyə Rusiyanın işğalçılıq siyasətinə lazımı təpki göstərəcəyini açıqlamalıdır”-deyə Q. Hüseynli bildirib. “Rusiya odla oynayır” Siyasi ekspert Ukraynadakı gərginliyin Rusiyaya vura biləcəyi ziyandan da söz açıb. Siyasi ekspert hesab edir ki, Rusiya rəhbərliyində siyasi reallığı yaxşı qavramayan adamlar Ukraynanı güzəştlərə getməyə vadar edir. Amma güzəşt yerinin olmadığını söyləyən analitik qeyd edib ki, hədə -qorxular məsələləri həll edə bilməz. Politoloq Rusiyanın yarada biləcəyi münaqişələrin özünə qarşı yönələcəyi qənaətindədir. “Bundan sonra Çeçenistan da Krım türklərinin köməyinə gedəcək. Tatarıstan lazım olan reaksiya göstərəcək və bu gün belə olması barədə məlumatlar yayılır. Eyni təpkilər Başqırdıstanda da hiss edilməkdədir. Rusiya içindən laxlamağa başlayıb. Tuva Respublikasında da müəyyən hərəkətlilik var. Ukraynanın isə hərbi potensial həmin bölgədə Rusiyadan az deyil. Bura Qərbin və ABŞ-ın köməkliklərini də əlavə etsək, Rusiyanın odla oynadığını deyə bilərik. Rusiya bu regionda hərbi qarşıdurma yaratsa, özü məğlub olacaq. Bu məğlubiyyət Rusiya içərisində millətlərarası münaqişəyə səbəb olacaq və ölkənin içəridən dağılma prosesinin başlanğıcını qoyacaq”. “Bu konfliktlərə digər ölkələr də cəlb olunacaq” Q. Hüseynli münaqişə yaranarsa, bu konfliktlərə digər ölkələrin də cəlb olunacağını istisna etmir. Onun sözlərinə görə Səudiyyə Ərəbistanı çeçen mücahidlərinə dəstək verir və Rusiyanı dağıtmağa köməkliyini əsirgəmir. “İndiyə qədər Rusiyaya qarşı hər hansı əməllər etməyə ABŞ mane olub. İndi isə bunun qarşısını almayacaq. Hərəkat inquşlar və Dağıstan xalqı ilə birlikdə daha sürətlə genişlənəcək. Bu, Şimali Qafqazda Rusiyanın mövqelərini tamamilə zəiflədəcək. Krıma qarşı mübarizə bunlara siqnaldır. Onsuz da aparıcı dünya dövlətlərində Rusiyanın səkkiz yerə bölünməsi haqqında müxtəlif variantlar var və bunlar stol üzərindədir. Müsəlman ərəb ölkələri də Rusiyada cihad hərəkatının başlanması haqqında planlar cızırlar. Səudiyyə Ərəbistanı lazımı maliyyə vəsaiti ayırmaqla könüllərdən ibarət dəstəni də Şimali Qafqaza göndərəcək. Türkiyədən də könüllülər həmin savaşa qatılacaq”-deyə Q. Hüseynli bildirib. Rusiyanın bu amilləri nəzərə alaraq təmkinli davranmasının vacib olduğunu deyən politoloq əks təqdirdə Moskvanın böyük itkilərlə üzləşəcəyini proqnozlaşdırıb. O, Çeçenistan prezidenti Ramzan Kadırovun Rusiyaya dəstək verməsinin çeçen xalqı arasında mübarizlik əhval-ruhiyyəsinə təsir etməyəcəyini də əlavə edib: “Çeçen xalqı üçün əsas amil Qafqaz əmiri Doku Umarovun mövqeyi önəmlidir. Bu vaxta qədər ABŞ çeçen milli hərəkatını terrorizm kimi dəyərləndirib və Rusiyanı müdafiə edib. Ancaq bundan sonra proseslər başqa məcraya yön alacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?