“Türk-kürd məsələsində hökumətin uğurundan sonra əsas hədəf Ermənistanla problemin yoluna qoyulmasıdır”.
Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ona görə, Qarabağla bağlı irəliləyiş olmasa, Türkiyənin nə edəcəyini söyləmək çətindir:
“Real siyasət onu göstərir ki, Ermənistanın hər hansı cəsarətli addımlar atması şübhəlidir. Üstəlik, Rusiyanın burada təsiri var”.
Politoloq kürd məsələsində irəliləyişə əsas səbəb kimi neft amilini qeyd etdi. O, məhz böyük pullara görə türk-kürd məsələsində məqsədyönlü addımlar atıldığını söylədi:
“Burada isə məsələ başqadır. Ortada Rusiya amili var. Rusiya istəsə sərhədlər açılacaq. Amma hər şeyə rəğmən Azərbaycanın mövqeyi də nəzərə alınmalıdır. Hazırkı zamanda isə Azərbaycanın mövqeyi nəzərə alınmır. Bu isə Türkiyə üçün müsbət bir şey vəd etmir”.
Türkiyə topu Ermənistana ötürüb
Siyasi ekspert Elxan Şahinoğlu isə hazırda Davudoğlunun səfəri ilə bağlı çox şayiələrin yayılacağını bildirdi: “Yol xəritəsi, iki rayonun qaytarılması ilə bağlı şayiələr çox yayılıb. Bunları çox güman ki, Türkiyə rəsmi Bakı ilə danışıb, razılaşdırıb. Amma kim zəmanət verə bilər ki, iki rayon azad ediləcək?” O, Davudoğlunun İrəvana çox optimist yollandığını qeyd etdi. Politoloq artıq qərar vermək vaxtının Ermənistanın əlində olduğunu söylədi: “Türkiyə çox güman ki, Rusiya ilə Ərdoğanın səfəri zamanı çox şeyi razılaşdırıb. Artıq Türkiyə topu Ermənistana ötürüb. Amma onun bundan nə isə müsbət nəticə gözləməsi qeyri-mümkün bir şeydir”.
Qeyd edək ki, yaxın günlərdə Davudoğlunun İrəvana səfər edəcəyi gözlənilir. Səfər zamanı türk nazirin iki ölkə arasında sərhədlərin açılması ilə bağlı məsələni öz həmkarı ilə müzakirə edəcəyi güman edilir. Bununla yanaşı Ermənistan mətbuatı artıq ölkənin Xarici İşlər Nazirliyində yeni yol xəritəsinin hazırlandığı haqqında məlumat yayıb. Mətbuat artıq yol xəritəsində hər iki tərəfə təklif olunacaq bəndlərin də hazır olduğunu bəyan edib. - See more at: http://axar.az/news/3789#sthash.utkrtr7g.dpuf
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?