Keçən aydan prezidentin göstərişi ilə ölkə ərazisində əhalinin icbari dispanserizasiyasına - müayinə və müalicəsinə başlanıb. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev deyib ki, müayinələr əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyır.
RAZILAR VƏ NARAZILAR
Səhiyyə ocaqlarına müraciət edənlər arasında icbari dispanserizasiyadan razı qalanlar da var, narazılar da. Yasamal rayonundakı 3 saylı poliklinikaya müraciət edən Ramiz Nəcəfov deyir ki, o həmişə bura müraciət edib və həkimlərdən də razıdır: «Yaxşı xidmət edirlər. Həkimlərdən razıyam. Məndən heç vaxt pul almayıblar». Təqaüdçü Nazir Əliyev də deyir ki, onu pulsuz müayinə, müalicə edirlər. Ancaq dərmanlara pulu çatmır: “Mən həmişə həkimlərdən razı olmuşam. Ancaq 148 manat təqaüd alıram. Bunun yeməyi, dərmanı var. Versin, 300-400 manat, bizdə adam kimi yaşayaq”. Aytən Dünyamalıyeva dövlət xəstəxanasına müraciət etdiyini, ancaq buna görə pul ödədiyini bildirir: “Azərbaycanda pulsuz müalicə inanılası şey deyil. Elə həkimlər var ki, xəstələrə insani yanaşır. Elələri də var ki, xəstədən nəsə gözləyirlər”. Sorğumuzda iştirak edən digər şəhər sakinlərinin də fikirləri fərqli oldu: Mənim icbari dispanserizasiyadan xəbərim var. Ancaq əməl etmirik. - Mən həkimə getmirəm. İstəyərdim, ancaq pulum yoxdur. - Azərbaycanda heç nə pulsuz deyil, 5 manat da versən, 3 manat da versən, verirsən. Bu ölkədə elə bir şey yoxdur ki, sadə vətəndaş üçün pulsuz olsun. İcbari dispanserizasiya da pulludur. - Mən həkimə müraciət edirəm. Şirinlik də verirəm. Bunsuz olmaz. - Pulum olmadığına görə həkimə getmirəm.
«MÜSBƏT ADDIMDIR, ANCAQ İLLİK OLSA, LAP YAXŞIDIR»
“Həkimlər Assosiasiyası” İctimai Birliyinin sədri Qalib Əliyev deyir ki, bu cür kompaniyalar uzunmüddətli olsa yaxşıdır: “Sovet səhiyyəsinin üstünlüklərindən biri də o idi ki, mütləq qaydada insanları qeydiyyata götürürdülər. İldə iki dəfə dəvət edib müayinədən keçirirdilər. Kimin hansı xəstəliyi varsa, müalicə edirdilər. Məcburi sağlamlığının qeydinə qal demək ağlabatan deyil. Dəvət edəndə, deyəndə ki, sizdə mədə xorası var, bu, yazda və payızda mütləq kəskinləşmə verir. Ona görə o adamı çağırır, müayinələr keçirirdilər. 3 aylıq da çox şey verir, briqadalar gedir aktiv formada xəstəlikləri aşkar edir. Müsbət addımdır, ancaq illik olsa, lap yaxşıdır». Səhiyyə Nazirliyindən bildirirlər ki, hansı həkim pasiyentdən pul istəyirsə, nazirliyin «Qaynar xətt»inə müraciət etsin. Azərbaycanda dövlət xəstəxanalarında və poliklinikalarda icbari dispanserizasiya prosesi mayın 1-dək davam edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?