Yollarda yük maşınlarına nəzarət Daxili İşlər Nazirliyinə verildi
Daxili İşlər Nazirliyinə də yollarda iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrini yoxlamaq səlahiyyəti verildi. Bu barədə Nazirlər Kabinetindən mətbuata bildiriblər ki, hökumətin müvafiq qərarı ilə “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib. Dəyişiklik iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarətlə bağlıdır. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Buna qədər isə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılması xüsusi ölçü alətləri və cihazları, ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsi isə stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) yalnız Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilirdi. Qeyd edək ki, bu günə qədər yollarda yük maşınları ilə bağlı olaraq nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirirdi. Son zamanlar isə bununla bağlı olaraq əhali arasında ciddi narazılıqlar var idi. Bakının girişində yerləşən bir sıra postlarda yük avtomobilləri etiraz aksiyası da keçirmişdilər. Nəqliyyat Nazirliyinin əməkdaşlarının qoçuluqları, sürücülərlə davranışlarında kobudluqlara yol vermələri səbəbində ciddi etirazlar eşidilirdi. Hətta mətbuatda bununla bağlı çoxsaylı etirazlar da var idi. Məsələ burasındadır ki, artıq bir aya yaxındır ki, nəqliyyat naziri sərt tənqid edilir. Bir qədər əvvəl isə Nəqliyyat Nazirliyinin başqa bir səlahiyyəti də alınmışdı. Dövlət başçısının müvafiq sərəncamı ilə “Baku bus” MMC yaradıldı. Bu qurum Bakı şəhərində nəqliyyatdaşınmalara nəzarət edəcək. MMC yaranmamışdan öncə isə bu səlahiyyət Ziya Məmmədovun əlində idi. Bir qədər əvvəl də məlumat vermişdik ki, Ziya Məmmədovun rəhbərlik etdiyi nazirliyin mühim səlahiyyətləri əlindən alınacaq. Nəticə etibarilə də bu qurum yalnız yollarda xırda təsərrüfat işləri ilə məşğul olacaq. R.Əlicanlı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?