Dini İşlər üzrə Komitənin sədr müavininin MTN zabitinin təyin olunmasının gizlinləri
Dini konteksdə ölkədə son zamanlar yaranan gərginliklər diqqət mərkəzindədir. Müxtəlif dini cərəyanların, sektaların geniş meydan aldığı respublikamızda bu sahədə vəziyyət nəzarətdən çıxmaq üzrə idi. Xüsusilə, nurçuların dövlət strukturlarında təşkilatlanması, həmvətənlərimizin Suriyada bir sıra radikal dini hərbi birləşmələrdə döyüşməsi bu məsələni ön plana çıxardıb. Türkiyədə məsələnin siyasi müstəviyə keçməsi ilə bu problem Azərbaycan gündəmini də zəbt etdi. Hakimiyyətin son addımları bir daha sübut edir ki, iqtidar bu sahədə indiyə qədər yaranmış boşluqları doldurmaq fikrindədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun vəzifədən alınması müxtəlif fikirlərin yaranmasına səbəb olub. Lakin, görünən odur ki, hakimiyyət bu sahədə mövcud durumdan heç də razı deyil. Hər halda atılan son addımlar bunu deməyə müəyyən əsaslar verir. Ölkədə dini təriqətlərin fəallaşması, əhalinin kardinal dini qruplara meyllənməsi xüsusilə son dövrlərdə geniş vüsət alıb. Həmçinin bir çox xarici qüvvələrin bu vəziyyətdən yetərincə yararlanması da sirr deyil. Hətta bəzi radikal dini qruplaşmalar dəfələrlə ölkəmizi terrorla təhdid etməsi də məlumdur. Belə gərgin situasiyada dövlət dini siyasətini tamamilə gücləndirmək qərarına gəlib. Aparılan kadr dəyişiklikləri də sübut edir ki, hakimiyyət dini sahədə nəzarəti tam ələ almaqda qərarlıdır. Bir müddət öncə prezidentin sərəncamı ilə Siyavuş Heydərov Dini İşlər üzrə Komitəyə sədr müavini gətirilib. Əldə etdiyimiz məlumatlara əsasən, Siyavuş Heydərov Milli Təhlükəsizlik Nazirliyinin zabitidir. Bir çoxlarının da etiraf etdiyi kimi, radikal və digər dini qruplaşmaların sıza bilmədiyi MTN sistemindən çıxan bir şəxsin dini sahədə rəhbər mövqeyə gətirilməsi dövlətin bu sahədə qəti mövqeyindən xəbər verir. Xüsusilə komitə sədrinin adının müxtəlif dini təriqətlərə bağlılıqda hallandırılmasından sonra bu təyinat diqqət çəkir. Ekspertlərin fikrincə, MTN zabitinin dini komitədə rəhbər mövqeyə gətirilməsi eyni zamanda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin də fəaliyyətini nəzarətə götürmək anlamına gəlir. Dolayısıyla dövlət güc strukturlarının nümayəndəsini dini sektorda rəhbər mövqeyə gətirməklə məsələnin aktuallığını və əhəmiyyətini qiymətləndirdiyini nümayiş etdirib. Gözləmək olar ki, müxtəlif dini təriqətlərin fəaliyyəti üzərində nəzarət daha da gücləndiriləcək, onların fəaliyyətinin koordinasiyası ilə əlaqədar operativ işlər görüləcək. Son təyinatla dini sektorda MTN-nin nəzarət funksiyası daha da artırılır, nazirliyin operativ informasiya almaq imkanları daha da güclənir. Nicat MAHMUDOV
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?