“Biz Rusiya üçün, böyük tarixə malik qonşumuz üçün daha əhəmiyyətli, daha faydalıyıq”
Bu, fakt olaraq belədir. Ermənistan isə Rusiya üçün artıq heç bir əhəmiyyət kəsb etmir. Ola bilər ki, bu müəyyən müddət əhəmiyyət kəsb edib, lakin bu, artıq keçmişdə qalıb”. Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Bakıda Muğam Mərkəzində keçirilən anım tədbirində bildirib. Baş nazirin müavini qeyd edib ki, Azərbaycan uzun müddət çar və sovet Rusiyasının tərkibində olub və bundan hər iki tərəf qarşılıqlı olaraq bəhrələnib: “Bu müddət ərzində Rusiyanın təhsilindən də, mədəniyyətindən də kifayət qədər bəhrələnmişik. Biz bunu inkar edə bilmərik. Digər tərəfdən, Azərbaycan nəyi varsa, təbii sərvətlərini də, insan potensialını da Rusiyaya verib”. Əli Həsənov ona görə də Rusiyanın Azərbaycana nisbətən Ermənistana daha yaxşı münasibət bəslədiyi fikri ilə razılaşmadığını deyib: “Biz hesab etmirik ki, Rusiya Ermənistana bizdən daha yaxşı münasibət bəsləyir. Ancaq bunların nəyinə vurulublar, bunu başa düşmürəm. Bir təbii sərvətləri yox, inkişafları yox. Nələri var bunların? Dünya miqyasında ortaya çıxarılacaq şəxsiyyətləri də yox. Sarkisyanın da sifətində qaniçənlik var. Onlar azərbaycanlıların qanını tökərək hakimiyyətə gəliblər. Bəs onda məsələ nədir? Sadəcə ermənilərin ikiüzlülüyündən, şəxsi mövqeyinin olmamasından istifadə edirlər. Lakin bu gün artıq bunlara ehtiyac qalmayıb. Ona görə də Ermənistan bu gün Rusiya üçün tam faydasız dövlət və millətdir”. Dövlət komitəsinin sədri bildirib ki, bu problemin həlli 1990-92-ci illərdə iki dövlətin - Azərbaycan və Ermənistanın ixtiyarında idi, lakin o zaman bu fürsətdən istifadə edilmədi: “Bu gün belə deyil. Bu imkan artıq əlimizdən çıxıb. Bu problemin həlli beynəlxalq aləmin əlindədir. Onlar da qəsdən müxtəlif qurumlar yaradırlar ki, onun həllinə mane olmağa çalışsınlar. ATƏT-in Minsk qrupu da ona görə yaradılıb ki, Dağlıq Qarabağ problemi öz həllini tapmasın. Buna edən dövlətlər də bəllidir. Başqa bir yol konsensus yoludur ki, buna da Ermənistan razılıq verməz”. Ə.Həsənov bir daha bəyan edib ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarını azad edəcək: “Ermənilər bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”. “Mən 22 il Şuşasız fikri ilə razı deyiləm. Gənc nəsil bunu düzgün anlamayıb başqa cür qəbul edə, onlara pis təsir edə bilər. Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib”, - Əli Həsənov bildirib. Onun sözlərinə görə, Şuşanın 22 il öncə erməni faşizmi və onun himayədarları tərəfindən işğal edilməsi yalnız müvəqqətidir. Şuşanı yaddan çıxarmaq mümkün deyil. Ə.Həsənovun fikrincə, Şuşa təkcə şuşalıların məskəni deyil, bütün türk və müsəlman dünyası üçün müqəddəs yerdir. SƏLİM
Sorğu
Yeni dizaynımız necədir?