Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Birinci Qarabağ müharibəsinə son qoyan atəşkəs haqqında Bişkek protokolunun imzalanmasından 20 il keçdi. 20 faiz torpaqlarımızın işğal olunması ilə nəticələnən münaqişədə atəşkəs rejiminin tətbiq edilməsini nəzərdə tutan Bişkek protokolu Azərbaycan, Ermənistan və qondarma Qarabağ rejimi arasında 5 may 1994-cü ildə imzalanıb. Sənədin imzalanması ilə bağlı bir sıra mübahisəli məqamlar zamanında müzakirə obyetinə çevrilib. Protokolun imzalanması zamanı müəyyən narazılıqlar olsa da, sonradan tərəflər arasında ümumi razılıq əldə olunub. Sənədin 1994-cü il mayın 5-də Bişkekdə imzalanması nəzərdə tutulmuşdur. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdir. Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmiş və daha sonra sənədin əsli də oraya gedib çıxmışdır. Həmin sənədin əslinin hazırda RF XİN arxivlərində saxlanıldığı güman edilir. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurətini isə Azərbaycan tərəfindən imzalanması ATƏT-in Minsk qrupunda Rusiyanın təmsilçisi Vladimir Kazimirov gətirmişdir. O, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif etmişdir. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin mətninə müəyyən düzəlişlər edilmədən və onu imzalayanlar sırasına DQAİ-nin rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina etmişdir. İmza prosesi belə yekunlaşmışdır: Rəsul Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə N.Bəhmənovun adını oraya əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoymuşdur. Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, həmin gün o, Bakıda yox imiş. Kazimirov mayın 5-də Bişkekdə 6 iştirakçı tərəfindən imzalanmış və indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənovu gözləmədən Moskvaya qayıtmışdır. İmzalanma prosesi barəsində digər bir iddia da mövcuddur. Həmin iddiaya əsasən, sənəd Azərbaycan tərəfindən 8 May 1994-cü ildə imzalanmışdır. Sənədə Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində "DQR parlamentinin sədri" Karen Baburyan imza atmışdır. Sənəd 12 may 1994-cü ildən qüvvəyə minmişdir. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan tərəfi sənədə iki əlavə ilə imza atmışdı. Bişkek protokolunun 5-ci abzasında "tutulmuş ərazilər" sözləri"işğal olunmuş ərazilər" sözləri ilə əvəzlənmiş və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin isə "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olunmuşdur. Bu sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində "Böyük sülh sazişi" imzalamalı idilər. Sənəd 3 nüsxədə - Azərbaycan erməni və rus dillərində hazıralanmışdır. Daha sonra protokolu iki ölkənin prezidentləri imzalayıblar. Bişkek protokolunun imzalanmasından keçən 20 il müddətində Azərbaycan öz hərbi qüdrətini artırmağa müvəffəq olub. Maharibədən məğlub durumda çıxan Azərbaycan ordusu hərbi büdcəsinə görə ən güclü ordusu olan ölkələrin siyahısında 50-ci yerdə qərarlaşıb. Ölkənin hərbi büdcəsi 2003-cü ildəki 135 milyon dollardan 2013-cü ildə 3,7 milyard dollar səviyyəsinə çatıb. Lakin fakt odur ki, bizim hərbi qüdrətimiz nə qədər artsa da aradan keçən 20 il müddətində problemin həlli istiqamətində heç bir real addım atılmayıb. Dağlıq Qarabağ probleminin nizamlanmasına yardım üçün yaradılmış ATƏT-in Minsk qrupu daha çox müxtəlif bəyanatlar səsləndirməklə, eləcə də Ermənistanın işğalçı mövqeyini pərdələməklə məşğul olur. Azərbaycan və Ermənistan arasında atəşkəsin saxlanılmasını şərtləndirən Bişkek protokoluna da artıq demək olar ki, əməl edilmir. Müqvilənin imzalanmasından sonra cəbhə xəttində mütəmadi olaraq atəşkəs rejiminin pozulması halları müşahidə olunub. Lakin, bu proses son zamanlar xüsusilə intensiv şəkil alıb. Bişkek protokolunun şərtlərinə görə tərəflərdən biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə sənədin müddəaları qüvvədən düşmüş hesab olunur. Təbii ki, nə Azərbaycan, nə də Ermənistan tərəfi atəşkəsi pozduğunu rəsmi şəkildə etiraf etmir. Daha çox qarşılıqlı ittihamlar üstünlük təşkil edir. Elə bir gün olmur ki, cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulmasına dair informasiyalar yayılmasın. Bir gün ərzində cəbhə xəttində atəşkəsin pozulması sayı bəzi hallarda yüz dəfələrlə hesablanır. Əslində bu fəal hərbi əməliyyatların aparılması deməkdir. Ümumiyyətlə heç kimə sirr deyil ki, Qarabağ münaqişəsinin başladılması, onun həllinin dalana dirənməsi də bilavasitə Rusiya tərəfindən idarə olunur. Elə Bişkek protokolunun imzalanması da, bu gün onun hansı səviyyədə qorunması da məhz Kremlin nəzarətindədir. Hətta bir çox hallarda atəşkəs rejiminin bilavasitə Rusiya tərəfindən pozulmasına dair iddialar da səsləndirilir. Xüsusilə, Ukrayna ətrafında yaranan böhrandan sonra Azərbaycanı Gömrük İttifaqına daxil etmək üçün ölkəmizə qarşı təzyiqləri gücləndirən rəsmi Moskva ənənəvi atəşkəsi pozmaq, hərbi təxribatları artırmaq metodundan gen-bol istifadə edir. Lazım olan məqamda atəşkəsi pozmaqla Azərbaycan tərəfinə təzyiq etmək üçün Kremlin bir işarəsi kifayətdir. Əslində belə qənaətə gəlmək olar ki, Bişkek protokolu münaqişəyə nəzarət etmək üçün Rusiya tərəfindən atılmış bir addım idi. Sənəd uzun müddətdir ki, status-kvonu Ermənistan tərəfinin xeyrinə qoruyub saxlayır. Sənədin hüquqi statusu ilə bağlı ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun fikirləri əsl reallığı özündə ehtiva edir. “Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”, - deyə V. Kazimirov xatirələrində yazır. Bişkek protokolunun imzalanmasının 20 illiyi münasibəti ilə ATƏT-in Minsk qrupunun həmsədrləri yeni bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, imzalanmış protokol müharibəyə son qoysa da münaqişəni həll etməyib. “Sülhün sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən xilas etmək üçün hər şeyi etməlidir. Lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib. Münaqişənin həll olunmamış qalması yüzlərlə, minlərlə insanın yerdəyişməsinə, beynəlxalq sərhədlər və təmas xətti boyunca zorakılıq ehtimalının daim mövcud olmasına, eləcə də bəzi cəmiyyətlərdə status-kvonun daimi olacağı barədə yanlış fikir yaranmasına səbəb olub”. Hər halda cəbhə xəttində atəşkəs rejimi davam etsə də, şəhid tabutları qarşılayan əskər valideynlərinin sayı durmadan artır. Artıq Qarabağsız, Şuşasız, Laçınsız böyüyən bir nəsil var. Bişkek protokolu ilə həmyaşıd olan Azərbaycan gəncliyi bu gün tamam başqa ruhda tərbiyə alır. Etiraf edək ki, ötən hər il bizi Qarabağdan addım-addım uzaqlaşdırır. Münaqişənin həll olunmasında ikili mövqe tutan beynəlxalq qüvvələr işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymadığı üçün problemin çözülməsində 20 ildən çoxdur ki, irəliləyiş müşahidə olunmur. Əslində 2014-cü ilin cəbhə xronikasına nəzər saldıqda görmək olar ki, Bişkek protokolu çoxdan qüvvədən düşüb. Rusiyanın regionda təzyiq mexanizmi olan Qarabağ münaqişəsinin həll olunmasında Qərb ölkələrinin tutduqları birtərəfli mövqe də problemin həllini çıxılmaz dalana sürükləyib. Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyən Qərb dövlətləri bölgədə əsas rəqibləri olan Rusiyanın forpostu olan Ermənistana aşkar dəstək verməklə Kremlin burada əsas oyunçu olmasına şərait yaradıblar. Bir çox hallarda xristian təəssübkeşliyi, digər çirkin maraqlar beynəlxalq qüvvələri münaqişənin həllində ədalətli mövqedən uzaqlaşdırmış, nəticədə ATƏT-in Minsk qrupu fəaliyyətsiz, ölü bir quruma çevrilmişdir. Təsadüfi deyil ki, rəsmi Bakı son zamanlarda Minsk qrupunun fəaliyyətini kəskin tənqid edən bəyanatlar səsləndirməklə öz mövqeyini ortaya qoyub. Tarixdə münaqişələri nizamlayan, tərəflər arasında münasibətlərə aydınlıq gətirən müqavilələrin sayı yüzlərlədir. Amma, bu bir faktdır ki, bütün münaqişələrin həllində son sözün sahibi xalqın iradəsidir. Azərbaycan bayrağının Şuşada, Laçında dalğalanmasını da heç bir Bişkek protokolu və ya bənzər sənəd təmin etməyəcək. Bunun üçün milli iradə və birlik lazımdır. Bütün müqavilələrin şərtlərini diqtə edənlər yalnız qaliblər olur! Nicat Mahmudov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?