Və atəşkəsdən də gənc əsgərlərin ölümü haqda nələr dedi?
Böyük Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqton Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında atəşkəs razılaşmasının 20 ilinin tamam olması ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, atəşkəs haqda razılaşmaya baxmayaraq əsl sülh hələ əldə olunmayıb. “Snayperlərin açdıqları atəş yenə də can almaqda davam edir. Əksər hallarda bu əsgərlər hətta atəşkəsin özündən də gəncdirlər”, - deyə nazir bildirib. D.Lidinqton qeyd edir ki, münaqişə ətrafında humanitar böhran da davam edir və yüz minlərlə məcburi köçkünün problemi hələ də həll olunmayıb. “Sülh ancaq hər iki tərəfdən kompromislər əsasında mümkündür” - deyə o, vurğulayıb. D.Lidinqtonun sözlərinə görə, indi elə nəsil yetişib ki, onların bildiyi ancaq ermənilərlə azərbaycanlıların münaqişədə olmasıdır: “Lakin bu iki xalqın dinc, birgə yaşayışa dair uzun, ümumi tarixi də var”. Nazir daha sonra bəyan edir: “Sülh ancaq onda mümkün ola bilər ki, hər iki tərəf onların əhalisi üçün məqbul razılaşma əldə olunmasına imkan verən situasiya yaratsın. Təəssüf ki, hazırda bu yoxdur. Böyük Britaniya əvvəlki kimi insanların yaxınlaşmasına və Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ icmaları arasında daha dərin qarşılıqlı anlaşmanın inkişafına sadiqdir. İnsanlar və onların arasındakı əlaqəni dəstəkləyən sülhməramlılar istənilən barışıq prosesinin mühüm elementidir. Böyük Britaniya Minsk Qrupu həmsədrlərinin sülh razılaşmasının əldə edilməsi istiqamətində işini dəstəkləyir. Razılaşma elementləri, o cümlədən işğal olunmuş ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusuna dair sərbəst iradə ifadəsinin qəbulu növbəti dəfə amerikalı həmsədr Ceyms Uorlikin mayın 7-dəki çıxışında əksini tapıb. Mən ümid edirəm ki, hər iki ölkənin rəhbərləri Ermənistan, Azərbaycan xalqları və Dağlıq Qarabağın əhalisi üçün bu həll variantını tapmaq üçün siyasi müdriklik nümayiş etdirəcəklər”. Xatırladaq ki, atəşkəsin qüvvəyə minməsinin 20 illiyi ilə bağlı Minsk Qrupunun həmsədrləri də birgə bəyanatla çıxış ediblər və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılmasına çağırıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?