Nəsimi RİH-nin başçısının bir ərazi haqqında iki sərəncamının gizlinləri
Son zamanlar Qarabağ müharibəsi iştirakçılarına göstərilən laqeyd münasibət daha çox diqqət çəkir və gündəmdən düşmür. Torpaqlarımızın azadlığı uğrunda odun-alovun içərisindən keçən qəhrəmanlarımıza ögey münasibət bəsləmək, bir çox hallarda isə adi vətəndaş hüquqlarını tapdalamaq məmurlar üçün adi hal alıb. Təsəvvür edin ki, torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin müharibə veteranlarına göstərilən belə münasibət gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsinə necə təsir göstərər. Öz veteranlarına qiymət qoymayan ölkənin qalib olmaq şansı sıfıra bərabərdir. Elə yaxın tariximizdə göstərilən ögeylikdən, biganəlikdən intihar edən müharibə iştirakçılarının olması günümüzün faciəvi reallığıdır. Məmurların “vətənsevərliyi” ürək ağrıdır! Belə biganəliklə üzləşən Qarabağ veteranlarından biri də Mirzəyev Əlişir Rəsul oğludur. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 90, mənzil 40 ünvanında yaşayan Əlişir Mirzəyev Qarabağ müharibəsində iki gözünün nurunu itirib, köməksiz hərəkət edə bilmir. I qrup Qarabağ əlili olan veterana dövlət tərəfindən 10 NT 113 seriya nömrəli “OKA” markalı avtomobil verilib. Elə Əlişir Mirzəyevin problemli günləri də bu “OKA” hədiyyəsindən sonra başlayıb. Dövlət qayğısının sevincini yaşamamış Qarabağ əlili süni maneələrlə üzləşib. Gözlərinin nuruna əvəz verilmiş maşını saxlamaq üçün qaraj yeri almaq istəyən Əlişir Mirzəyevə məmurlar tərəfindən süni maneələr yaradılaraq istəyini reallaşdırmasına mane olublar. Onun qaraj yeri almaq barəsində ərizəsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən baxılmış və Bakı ŞİH-dən Nəsimi rayon İcra Hakimiyyətinə daxil olmuş 18/02-6/59 saylı 07. 07. 2005-ci il tarixli məktubuna əsasən Nəsimi RİH-nin başçısının 05. 05. 2006-cı il tarixli 107 saylı sərəncamına əsasən Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 50 saylı evin qarşısında mövcud qarajların cərgəsində 6x3 ölçüdə fərdi qarajın quraşdırılmasına icazə verilib. Qarabağ əlilinin əlində olan bütün sənədlər bir daha təsdiq edir ki, ona A. Məhərrəmov küçəsi 50 saylı evin qarşısında mövcud qarajların cərgəsində 6x3 ölçüdə dəmirdən fərdi avtomobil qarajının quraşdırılmasında heç bir problem olmayıb. Sərəncamın 3-cü bəndində bildirilir ki, vətəndaş Mirzəyev Əlişir Rəsul oğluna xəbərdarlıq edilsin ki, ərazidə ümumi abadlıq işləri aparılacağı təqdirdə rayon İcra Hakimiyyətinə heç bir irad tutulmadan qaraj götürülə bilər. Qarajın quraşdırılmasında heç bir problemin olmaması ilə bağlı müvafiq olaraq Nəsimi Qaz İstismar İdarəsinin, Nəsimi rayon DYTX-nin və Nəsimi rayon Gigiyena və Epidemialogiya Mərkəzinin razılıq sənədləri də var. Göstərilən ərazidən müharibə əlilinin istifadə etməsi üçün sənədlərdən də göründüyü kimi heç bir problem yoxdur. Lakin, bir çox hallarda şəxsi maraqlar qanunlardan da üstün olur. Belə olan halda məmurlar vətənin azdlığı naminə gözlərinin işığını itirmiş bir əlilin hüquqlarını tapdalamaqdan belə çəkinmirlər. Yuxarıda qeyd etdiyimiz kimi, sərəncamın 3-cü bəndində göstərilib ki, ərazidə hər hansı abadlıq işləri aparılarsa yaranmış vəziyyətə Əlişir Mirzəyev irad tuta bilməz. Maraqlısı odur ki, fərdi qaraj sahəsi qanunsuz olaraq əlindən alındığı halda ərazidə heç bir abadlıq işlərinin aparılmadığı məlum olub. Eyni zamanda qaraj sahəsinin ələ keçirilməsi və ya qanuni yolla əldə edilməsi barədə Əlişir Mirzəyevə məlumat verilməyib. Araşdırmalarımız nəticəsində məlum oldu ki, A. Məhərrəmov küçəsi 50 saylı ünvanda yerləşən ərazi haqqında Nəsimi rayon İcra hakimiyyətinin başçısı N. M. Məhəmməliyevin daban-dabana zidd iki sərəncamı mövcuddur. Birinci sərəncam 05. 05. 2006-cı ildə imzalanmış 107 saylı sərəncamdır. Həmin sərəncama əsasən, müharibə əlili Əlişir Mirzəyevə A. Məhərrəmov küçəsi, 50 saylı evin qarşısında mövcud qarajların cərgəsində 6x3 ölçüdə dəmirdən fərdi qarajın quraşdırılmasına icazə verilib. Həmin sərəncama zidd olan ikinci sərəncam isə 2013-cü ilə aiddir. Məhz həmin ikinci sərəncama əsasən ərazidə İcra Hakimiyyətinin “abadlıq” adlandırdığı işlər başlanılıb. Abadlıq sözünü ona görə dırnaqda yazırıq ki, əslində burada heç bir abadlıq işləri getmir. Əlilin qarajı yerləşən ərazidə hündür mərtəbəli yeni bir bina inşa edilir. Nəsimi rayon İcra Hakimiyyətinə edilmiş müraciətə cavab olaraq bildirilib ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2721 saylı, 06. 01. 2013-cü il tarixli razılıq məktubu və təsdiq edilmiş eskiz layihə əsasında sözügedən ünvanda tikinti işlərinin aparılmasına icazə verilib. Hər iki sərəncam Nəsimi rayon İcra Hakimiyyətinin başçısı N. Məhəmməliyevə məxsusdur və onun imzası ilə təsdiq edilib. Birinci sərəncamla I qrup müharibə əlilinə qaraj quraşdırmaq üçün icazə verən başçı görəsən hansı səbəbdən ikinci sərəncamla ərazidə hündürmərtəbəli binanın tikilməsinə icazə verib? Axı öz imzaladığı 05. 05. 2006-ci il 107 saylı sərəncamın 3-cü bəndində göstərilib ki, ərazidə “ümumi abadlıq işləri aparılacağı təqdirdə” heç bir irad tutula bilməz. Görəsən bir müharibə əlilinin, iki gözünün işığını döyüşlərdə itirmiş şəxsin torpağında hansısa oliqarxın hündürmərtəbəli bina tikməsi nə vaxtdan “ümumi abadlıq” işləri olub? Elə nüanslar var ki, orada gərək pulun hakimiyyəti bitsin. Əlişir Mirzəyev Qarabağda gözlərini, saxlamlığını qurban verəndə pul haqqında, daha çox sərvət sahibi olmaq haqqında düşünməmişdi. İndi bu məmləkətdə onun bir qarajlıq haqqı yoxdurmu məgər? Cənab Nəsib Məhəmməliyev bir ərazi haqqında iki sərəncam verəndə bunları nəzərə alıbmı görəsən? Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətdə A. Məhərrəmov küçəsində hansı “ümumi abadlıq” işlərinin aparıldığı, birinci sərəncamının qüvvədən düşüb-düşmədiyi, tikilən binanın hansı məqsədlər üçün inşa olunduğu, binanın kim tərəfindən tikilməsi ilə bağlı suallar verilsə də heç bir cavab alınmayıb. Budur, Nəsimi rayon İcra Hakimiyyəti başçısının bir Qarabağ əlilinə olan münasibəti. Deyəsən Qarabağa gedən yol artıq hündürmərtəbəli binaların arasından keçir. Bir çoxlarının təbirincə... Nicat MAHMUDOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?