Nazirin müavini Elsevər Ağayev qanunları yox öz qaydalarını diktə edir
Məlum olduğu kimi, ölkədə dərman biznesinə səhiyyə naziri Oqtay Şirəliyevin müavini Elsevər Ağayev nəzarət edir. Sabiq nazir Əli İnsanovun dönəmində də müavin postunu tutan məmur arxada qoyduğu illər ərzində səhiyyə sektorundakı biznesini genişləndirməyi bacarıb. Dolaşan məlumatlara görə, nazir müavini dərman bazarının böyük hissəsini əlində cəmləşdirən «Avromed» şirkətinə himayədarlıq edir. Bu barədə müxtəlif mətbuat orqanlarında dəfələrlə informasiya verilib. Etibarlı mənbələrdən aldığımız bilgilərə görə, respublika ərazisində fəaliyyət göstərən bütün aptek məntəqələrinə nazir müavininin razılığı əsasında lisenziya verilir. Qeyd edək ki, aptek məntəqəsinin əsas vəzifəsi əhaliyə dərman hazırlanması istisna edilməklə, reseptsiz və həkim resepti əsasında dərman buraxılışı, həmçinin dərman bitkiləri, uşaq və dietik qida məhsulları, şəxsi gigiyena vasitələri, müalicəvi mineral sular və bu kimi digər malların pərakəndə ticarət qaydasında satmaqdır. Qanunvericiliyə görə, aptek məntəqəsi ayrıca binada və yaxud qeyri-yaşayış sahəsində təşkil olunur (zirzəmi və yarım zirzəmi istisna olmaqla). Özəl müalicə-profilaktika müəssisəsində və ya digər təyinatlı bina strukturunda yerləşdikdə onun ayrıca giriş qapısı olmalıdır. Məntəqənin ümumi sahəsi 35 m2-dən az, o cümlədən satış zalı 20 m2-dən az, inzibati-məişət otaqlarının sahəsi 15 m2-dən az olmamalıdır. Prezidentin 02 Sentyabr 2002-ci il tarixli, 782 saylı Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"da nəzərdə tutulmuş sənədlər əczaçı ixtisası olan şəxs tərəfindən tam təqdim olunduğu halda əczaçılıq fəaliyyətinə görə xüsusi razılıq, yəni lisenziya verilir. Əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi lisenziyanın dövlət rüsumu 5500 manatdır. Mənbənin sözlərinə görə isə, aptek məntəqəsi açmaq istəyən şəxslərə qanundan kənar tələblər irəli sürülür: «İnsanların gur olduğu qəsəbə və rayonlarda aptek məntəqəsi açmağın qiyməti çox bahadır. Baxmayaraq ki, dövlət tərəfindən 5500 manat rüsum təyin edilib. Amma nazirliyin əməkdaşları bəzi hallarda lisenziya üçün vətəndaşlardan 10-15 min manat istəyirlər. Bu vaxta qədər apteklərə lisenziyaların verilməsi məsələsində bir sıra nöqsanlar üzə çıxıb. Bəzi apteklərin fəaliyyətinə heç bir səbəb olmadan xitam verilib. 2007-ci ildə yaradılan Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi sanki apteklərin qəniminə çevrilib. Mərkəzin işçiləri birbaşa Elsevər Ağayevin göstərişi əsasında iş görür. Nazir müavini hansı aptekin fəaliyyət göstərməsini istəmirsə, qurumun əməkdaşları dərhal onun lisenziyasını ləğv edirlər. Bu işdə əsas məqsəd nazir müavininin nəzarəti altında olan apteklərin fəaliyyətinə münbit zəmin yaradılmasıdır. Xırda aptekləri bilərəkdən sıradan çıxarırlar. Nazirliyin rəsmiləri apteklərə təzyiqin asan yolunu tapıblar. Belə ki, resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin satışı qaydalarını pozan aptekləri böyük məbləğdə cərimə edirlər. Bəzən cərimələr elə çox olur ki, aptek rəhbərləri bunu ödəyə bilmir və məcburiyyət qarşısında işini dayandırır». Söhbət zamanı onu da öyrəndik ki, yeni ildən etibarən apteklərə lisenziya verilməsi qaydaları daha da sərtəşdirilə bilər. Bunun ilkin təzahürü kimi lisenziya üçün tələb olunan dövlət rüsumunun artırılması gözlənilir: «Nazirlikdə söhbət yayılıb ki, 2014-cü ildən lisenziyanın qiyməti 7 min manata qalxacaq. Deyilənə görə, bu təşəbbüslə Elsevər Ağayev çıxış edib. Oqtay Şirəliyev isə bunu müsbət qarşılayıb. Əgər belə bir qərar qəbul edilsə, o zaman apteklərin bir çoxu fəaliyyətini avtomatik olaraq dayandıracaq. Ki, bu da hamıdan çox nazir müavininin işinə yarayır. Nazirliyin ikinci şəxsi özünə məxsus aptek şəbəkəsini bir qədər də genişləndirmək üçün belə fürsət axtarır». Əslində, lisenziyanın dövlət rüsumunun artırılacağı ilə bağlı məsələ çoxdan gündəmə gəlmişdi. Lakin aptek rəhbərləri və cəmiyyət bunu narazılıqla qarşılamışdı. Hesab edirik ki, əks reaksiya olmasa, nazirlik dövlət rüsumunu artıracaq. Bu isə nə vətəndaşlara, nə də aptek müdirlərinə sərf edəcək. İtirən biz, qazanan Elsevər Ağayev olacaq... Qarşı tərəfin də mövqeyini öyrənə bilərik. SAMİR
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?