Nazim Veyisovun şirkəti işçilərə üç aydır maaş vermir, onlara qan uddurur
Şəmkirin icra başçısı Nazim Veyisova məxsus olduğu deyilən şirkət işçilərinə qan uddurur. Rayonda “SP Evrosalda” MMC şirkəti işçilərin maaşını vermir. Firma aylardır ki, işçilərin əmək haqlarını ödəməkdən imtina edir. İcra başçısı da fəhlənin haqqını yeməkdən belə utanmır. N.Veyisov rayonu bərbad günə qoymaqla bərabər maxinasiyalarından da əl çəkmir. Artıq korrupsiyaya bulaşmış və buna vərdiş edən məmurlar üçün kasıbın malını yemək də adiləşir. Şəmkir hazırda müharibə bölgəsinə oxşayır. Hər yeri qazıb töküblər. Amma icra başçısı işi yubatmaqda maraqlıdır. O, bu yolla daha çox pul mənimsəyə bilir. Ortada bunu sübut edən faktlar var. Bel ki, sözügedən şirkət Şəmkirdə su və kanalizasiya xətlərinin çəkilişi üzrə dövlət proqramını icra edir. Bu proqramın 2013-cü ildə yekunlaşması gözlənilsə də, hələ də iş davam edir. İşin baş podratçısı “Akkord” Şirkətlər Qrupu, suppodratçı şirkət isə həmin “SP Evrosalda” MMC-dir. “Gündəm-xəbər” olaraq Şəmkirdə yolların darmadağın olunduğunu yazmışdıq. Artıq məsələnin əsl mahiyyəti bilindi. Demək ki, başçı işi uzatmaqla daha çox yeyintiyə yol vermək istəyir. Əvəzində isə işçilərin də maaşını kəsir. Burada işləyən fəhlələr deyirlər ki, 50-dən artıq işçi maaş ala bilmir. Şirkətin rəhbəri Nəsirov Samir və Cəfərov Aydındır. “Bu adamlar üç aydır ki, pulumuzu vermirlər. “Akkord” şirkəti son səkkiz ayda beş dəfə bizim şirkətə pul köçürüb. Amma o vəsaitdən bir qəpik də olsun bizə verməyiblər. Təkcə bizim briqadaya 75 min manat pul verilməlidir. Gedib pulumuzu tələb edəndə deyirlər ki, “mən pul verəsi deyiləm. Hara şikayət edirsiniz edin,” - deyə şikayətçilər qeyd edirlər. Şikayətçilərin sözlərinə görə, şirkətin rəhbəri S.Nəsirov ayrılan pulu ata malı kimi istifadə edir: “Samir Nəsirov pulu mənimsəyərək Dubaydan və Türkiyədən mal gətirib kommersiya ilə məşğuldur. Halbuki, bu pul bizə çatmalıdır. Bir neçə yerə müraciət etsək də, heç kim şikayətimizə məhəl qoymayıb. Düz üç aydır ki, bizi süründürürlər”. Şikayətçilər bildirirlər ki, Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə ərizə ilə müraciət ediblər: “Prezident Administrasiyasında dəfələrlə olmuşuq. Orda bizi Şahin müəllim qəbul edib. Ondan sonra 5 min manat verildi bizə. Sonra dedilər ki, qalanını fevralın ortalarına kimi verəcəyik. Bundan sonra yenə müraciət etdik dedilər ki, gedin kimə deyirsiniz deyin. Pulu vermirik. Prezidentin İqtisadi məsələlər üzrə müşaviri Əli Əsədova müraciət etdik. O da “Azərsu” ASC-yə göstəriş verdi ki, bu işi araşdırsın. Amma hələ də məsələ həll olunmayıb”. Rafiq Qara
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?