Kalonun rəisi buradakı dustaqları Vərəm Disponserinə göndərəcəyi ilə hədələyir
gundemxeber.az Azərbaycandakı Cəzaçəkmə Müəssisələrinin acınacaqlı durumu ilə bağlı ölkə mətbuatında kifayət qədər yazılıb. Sözügedən mövzunun aktuallığı bu məsələyə beynəlxalq diqqəti də artırıb. Bunun nəticəsidir ki, son illər Azərbaycanda cəzaçəkmə yerləri həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqət mərkəzindədir. ABŞ Dövlət Departamentinin Azərbaycanda İnsan Haqlarının vəziyyətiylə bağlı illik hesabatında da deyilirdi ki, ölkədəki cəzaçəkmə yerlərində saxlanma şəraitinin çox sərt, ilkin həbsin çox uzunmüddətli olması bir sıra problemlər yaradır. Hesabatda vurğulanırdı ki, vərəm xəstəliyi hələ də cəzaçəkmə yerləri üçün problemdir, onlarla məhbus bu xəstəlikdən ölür. Azərbaycan həbsxanalarında ölüm hallarının səbəbləri təkcə vərəmlə bağlı deyil. Son vaxtlar cəzaçəkmə yerlərində intiharlar haqqında da tez-tez eşidilir. 1 saylı Cəzaçəkmə Müəssisəsi isə bu baxımdan daha çox fərqlənir. Bununla bağlı apardığımız kiçik araşdırma da təsdiqlədi ki, 1 saylı kalondakı dözülməz mühit burada dustaq ölümünün artımına səbəb olmaqdadır. Bu baxımdan təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, illər öncə bütün ölkəni silkələyən məşhur məhbusların qiyamı da burada olmuşdu. Əldə etdiyimiz son məlumatlarda da bildirilir ki, elə indinin özündə də həmin cəzaçəkmə müəssisəsində baş verən ölüm hadisələrinin sayı kəskin şəkildə artıb. Bəzən xəstəlikdən, bəzən cinayətdən, əksər zamanlar da naməlum səbəblərdən məhkumlar həyatını itirir. Buradakı antisanitariya şəraiti il ərzində bir neçə məhkumun dünyasını dəyişməsi, əksəriyyətinin isə müxtəlif xəstəliklərə yoluxması ilə nəticələnir. Bəli, bizə də bilirik ki, həbsxana sanatoriya deyil. Lakin bu o demək deyil ki, sağlam məhbus həbsə düşdükdən sonra hipotet, spid və vərəm kimi digər xəstəliklərə yoluxmalıdır. Bir növ məhbusun peşman olması üçün heç bir şərait yaradılmır. Digər tərəfdən həbsxana işçilərinin rəftarı, məhkumlara və onların ailəsinə qarşı həyata keçirdikləri təzyiqlər məhbusların və onların yaxınlarının ciddi şəkildə aqressivləşməsinə səbəb olur. Əldə etdiyimiz informasiyada bildirilir ki, 1 saylı cəzaçəkmə müəssisənin rəhbərliyi dustaqlara qarşı müxtəlif təzyiq üsullarından istifadə edir. Onlardan biri isə dustaqların Vərəm Əleyhinə Dispanserə yerləşdirməklə bağlı hədədir ki, dustaqlar da bundan hədsiz dərəcədə çəkinir. Bu isə səbəbsiz deyil, Vərəm Dispanserində vəziyyətin həqiqətən acınacaqlı olduğunu bildirən mənbəmiz ora sağlam gedənin vərəmli xəstə kimi qayıtdığını bildirir. Bundan əlavə 1 saylı cəzaçəkmə müəssisəsində digər neqativ hallar da geniş vüsət alıb ki, bunlar haqda da qəzetimizin növbəti saylarında daha ətraflı bəhs edəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?