Bakının icra başçısı Nazirlər Kabinetinə “perevod” istəyir
Onunla bağlı total yoxlamalar keçirilə bilər
Uzun illərdir ki, onun vəzifədən gedəcəyinə dair ən “mötəbər” qaynaqlar informasiyalar yayırlar. Bəlkə də Azərbaycan mediasında “Hacıbala Abutalıbov gedir” formalı yazıların sayı hesabı yoxdur. Bakı şəhər İcra Hakimiyyətinin başçısı haqqında illərdir ki, olar-olmazın bütün xəbər yazılıb. Oğlunun vəhabi olmasından, özünün hər kəsi aldatmasından, səhhəti ilə bağlı problemlərdən və sair. Amma 2001-ci ilin yanvar ayından H.Abutalıbov indiki postundadır. 13 ildir ki, bu şəxsin işdən çıxarılması barədə yazılanlar artıq əfsanəyə dönüb. Daha rəsmi xəbər olmayana qədər kimsə onun barəsində “gedir”, “yola salınır” və sair sonluqlu informasiyalara inanmayacaq. Bakı şəhərinə başçı təyin edilidyi ilk gündən daha çox aztəminatlı insanların, ticarətçilərin qınağına tuş gəldi. Amma hədəf olmaqdan yayına bildi. Əvvəlcə Bakıda kiçik ticarət köşklərinin yığışdırılmasına başlandı. Daha sonra vağzallar, meydanlardakı küçə ticarəti ləğv edildi. Və ya belə də deyə bilərik ki, bir qədər modernləşdirildi. Prosesə başçılıq etməyə başlayanda Bakının başçısına qarşı amansız etirazlar başladı. Piketlər, aksiyalar, demək olar ki, Bakı şəhər İcra Hakimiyyətinin qəbul otağının qarşısında ən çox narazı adamların toplaşdığı ünvan oldu. Söküntü işləri, torpaq alqı-satqısı, bütün sənədləşmələrlə bağlı narazılar meriyanın binasının önünə axışmağa başladılar. Meriya demişkən, elə Bakı Meriyasının yaradılması təşəbbüsləri də ortaya çıxanda deyirdilər ki, seçkilər keçiriləcək və Abutalıbov işdən alınacaq. Yəni seçilə bilməyəcək. Amma Hacıbala Abutalıbov hər zaman seçilməyi bacarır. Ən azı unikal yanaşmaları ilə… Televiziya müxbirlərindən qaçaraq əyilib kanalizasiya borusunun içinə baxması, ağlaması, gülməsi, fərqli açıqlamaları ilə... Bəzən də gülüş obyektinə çevrilən mer öz xüsusi “istedadı” ilə 13 ildir ki, vəzifəsində qalmağı bacarır. Bakıda işıq dirəkləri, fasadlar, fontanlar qurulandan ayama da almışdı. Bəzən onu sərt tənqid edənlər belə “kişi işləyir” sözünü işlətmədən dayana bilmirlər. Lakin Hacıbala Abutalıbovun kişi olmaqla bağlı anlayışı fərqlidir. Bu barədə açıqlamasını da yəqin ki, “Sovetski”də evləri sökülən insanlar şikayət edən zaman merin dediklərini çoxları xatırladı. Amma Bakının icra başçısı, bəlkə də dövlət büdcəsinə, ağlaya-ağlaya, gülə-gülə, qaça-qaça, sökə-sökə ən çox ziyan vuran məmurlardan biridir. 2009-cu ildə Bakının əsas mərkəzi prospektlərində 3 metrlik işıq dirəklərinin 2 metr hündürlüyünə xüsusi dibçəklərdə güllər əkilmişdi. Bunun üçün dövlət büdcəsindən 1.2 milyon manat vəsait ayrılmışdı. Sonradan bəlli oldu ki, həmin gül qablarına su vermək lazımdır. Amma bu mümkün olmadı. Bəlkə də Abutalıbov lazımi dövlət qurumları qarşısında məsələ qaldırıbmış ki, həmin işıq dirəklərindəki gülləri sulamaq üçün xüsusi texnologiya almaq lazımdır. Amma icazə ala bilmədi. Lakin “Parlament” prospektində bu dirəklərdəki gül qablarını yox, dirəkləri tamamilə dəyişməyə başladılar. Mer deyəsən qəzəblənmişdi. Çünki səhvini düzəltmək üçün həmin dəmir gül qablarını işıq dirəklərindən qoparmaq lazım gələcəkdi ki, bu səhvin də pulunu özü ödəməli olacaqdı. Amma hər zaman çevik düşünə bilən Abutalıbov yeni dirəklər alınması üçün müvafiq razılığı əldə etmişdi. Və şəhərin mərkəzindəki gül qablı işıq dirəkləri daha dəbdəbəli dirəklərlə əvəzlənməyə başladı. Və Azərbaycanın dövlət büdcəsindən milyonlar Hacıbalanın ucbatından göz dağı olaraq talandı. Bakının icra başçısının səlahiyyətləri ona bir qədər çoxluq edirdi. Ona görə də yanvar ayının 10-da 2008-ci ildə Dənizkənarı Bulvar İdarəsi yaradıldı. İdarə üçün ildə 3 milyon manata yaxın dövlət büdcəsindən vəsait ayrıldı. Və bu idarə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında olduğu üçün Abutalıbova tabe deyildi. Daha sonra isə yolların təmiri və tikintisini də Bakı şəhər İcra Hakimiyyətindən aldılar. Amma iş çox idi. Paytaxtın təsərrüfat xərclərini şişirtmək üçün Hacıbala Abutalıbov üçün o qədər “ideya” var ki. Məsələn, Şəhidlər Xiyabanında 1000-ə yaxın şam ağacını əkmək. Buna mühim ehtiyac olmaya bilər. Bu sadəcə olaraq “işləmək istəməyən məmurlar”ın təklifi ola bilər. Abutalıbov bu ağacların əkilməsini elə məharətlə təsvir edirdi ki, kimsə şübhə edə bilməzdi. Dövlət başçısı bu ilin may ayının 13-də Bakı şəhər İcra Hakimiyyətinin 13 illik başçısı Hacıbala Abutalıbova “Şərəf” ordeni verdi. Həmin tarixdə Abutalıbovun 70 yaşı tamam oldu. “Fürsətcil” qaynaqlar da iddia etdilər ki, orden aldısa, qoca mer istefaya yollanacaq. Lakin mer “əsl ad günüm mayın 10-dur” dedi və yenə də barəsində yazılan istefa xəbərlərini qapada bildi. Və may ayı başa çatır, o isə işinin başındadır. Hər halda bununla bağlı olaraq çox mühim informasiyalar dolaşdı. Lakin merin “əvəzedilməz” şəxs olmasına dair mənəvi və pratiki tabuları hələ də qüvvədədir. Bir zamanlar “Mətbuatın dostu” olan mer artıq deyəsən işi ilə vidalaşmaq üçün özü çıxış yolları axtarmağa başlayıb. Hacıbala Abutalıbovun yerinə təyin olunacaq şəxsin kimliyi isə hələlik məlum deyil: “Burada sürpriz bir seçim ediləcək. Tək məlum olanı isə odur ki, Bakı meri postuna da gənc namizəd təyin edilir”. Onu da xatırladaq ki, artıq iki nazir postuna iddialı kimi gənc namizədlərin adları çəkilməkdədir. Bunu isə məlumatlı mənbələr hökümətin gəncləşdirmə siyasəti ilə əlaqələndirirlər. Son olaraq isə Hacıbala Abutalıbovun yerinə gənc kadrın gətiriləcəyi bildirilir. Artıq bu məsələnin qətiləşdiyini nəzərə alaraq Hacıbala Abutalıbovla bağlı maraqlı məqamları diqqətinizə çatdırmaq qərarına gəldik. Mətbuatda çoxları onu "Bakı meri" kimi təqdim etsə də, Hacıbala Abdutalıbovun "mer" sözündən o qədər də xoşu gəlmir. Jurnalistlərin bu mövzuda sualına cavabında o, deyib: "Mənim üçün Heydər Əliyevimiz tərəfindən təyin olunmuş Bakı şəhər İcra Hakimiyyəti başçısı kimi işləmək daha münasibdir. Möhtərəm prezidentimizin rəhbərliyi altında qarşıma qoyduğum vəzifələri yüksək səviyyədə yerinə yetirmək mənim üçün əsas vəzifədir. Merlik isə mənə aid deyil". 66 yaşlı Hacıbala Abutalıbov artıq onuncu ildir, Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Moskva meri Yuri Lujkov qədər vəzifədə qalmaq üçün ona hələ daha 8 il lazımdır. Əslən Naxçıvanın Ordubad rayonundandır, amma Türkmənistanda doğulub. Fizika sahəsində professor elmi dərəcəsi var. 1995-ci ilə qədər ixtisası üzrə müxtəlif elm ocaqlarında çalışıb. 1995-ci ildə Bakının Suraxanı rayonu İcra Hakimiyyəti başçısı, 2000-ci ildə baş nazirin müavini, 2001-ci ildə isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Avropa Şurası 2003-cü ildə Bakıya ayrıca statusun verilməsi, paytaxtın seçkili şura tərəfindən idarə edilməsi - yəni, icra başçısı vəzifəsinin merlə əvəz olunması barədə tövsiyə verib. İndiki halda Bakının icra başçısını prezident təyin edir, Avropa Şurası isə onun seçilməsini istəyir. Bu tövsiyə sonradan bir neçə dəfə Avropa Şurasının sənədlərində Azərbaycan rəsmilərinə xatırladılıb. Artıq illərdir həm yerli ictimai fəallar, ekspertlər, həm də Avropa Şurası rəsmiləri Azərbaycana bu tövsiyənin icrasının zəruri olduğunu desələr də, hələ buna məhəl qoyulmur. Yerli mediada dəfələrlə Hacıbala Abutalıbovun işdən çıxarılması, onun yerinə müxtəlif şəxslərin təyin edildiyi barədə xeyli sayda xəbərlər yayılıb. Amma Hacıbala Abutalıbov haqqında yayılmış şayiələr bununla da bitmir. 20 Yanvar hadisələri zamanı Sovet hərbçilərinin onu divara söykəyib başının üstündən güllələr atması, buna görə ruhi-əsəb xəstəxanasına düşməsi, oğlanlarından biri ilə konfliktinin olması, paytaxtda tikinti işləri zamanı külli miqdarda pul mənimsəməsi haqqında söz-söhbətlər yayılıb. Jurnalistlər əllərinə düşən nadir fürsətlərdən birində Hacıbala Abutalıbova bu barədə də sual veriblər, cavab da yenə yalnız ona məxsus tərzdə ibarətər olub: "Bu şayiələri yayanlar şeytanlardır. Şeytanları isə Hacıbala Abutalıbov mələyə çevirəcək". Hacıbala Abutalıbov elə jurnalistlər üçün də ziddiyyətli adamdır. Bir neçə il əvvələ qədər o, Azərbaycanda jurnalistləri ən çox məhkəməyə verən dövlət məmuru kimi tanınırdı. Onun 10-a yaxın qəzet və onların əməkdaşları ilə məhkəmə çəkişmələri olub. "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynov da onun qaldırdığı iddia ilə bir müddət həbsə atılmışdı. Nəhayət, Bakı şəhər İcra Hakimiyyətinin başçısı postu ilə vidalaşandan sonra yenə də Nazirlər Kabinetinə qayıtmaq istəyir. Təsərrüfat işlərini bilən bir şəxs kimi baş nazirin müavini olaraq işləmək istədiyini belə dilə gətirməkdən çəkinməyən mer, deyəsən artıq yorulub. Çünki son zamanlar Abutalıbovun iş yerinə günortaya yaxın saatlarda gəlməsi mütəmadi hal alıb. Əvvələr ön qapıdan binaya daxil olsa da, artıq Abutalıbovun fərqli istiqamətlərdən binaya gəldiyi müşahidə olunur. Bakı şəhər İcra Hakimiyyətinin isə artıq xeyli sayda dövlət qurumu ilə məhkəmə çəkişmələri var. Hələlik bununla bağlı araşdırmalarımız davam edir. Xüsusilə də təsərrüfat xərcləri üzrə ayrılan pulların sərf edilməsi məsələsində bir sıra talan faktlarının aşkarlandığı ortadadır. Və məhkəmənin hansı qərar verəcəyi bəlli deyil. Bəlli olan odur ki, Bakı şəhər İcra hakimiyyətinin başçısı üçün illərdir rəqibləri tərəfindən hazırlanan böyük dosye qapanmaq üzrədir. Daha doğrusu, dosye artıq yetərincə dolub. Gözlənilən odur ki, dövlət qurumları ilə məhkəmələrin çoxu Abutalıbovun rəhbəri olduğu qurumun xeyrinə qərar verməsin. Və nəticə etibarilə də mer çətin bir duruma düşsün. Bütün bunlarla yanaşı “Gündəm xəbər”ə daxil olan informasiyalara əsasən, 2013-cü ilin yekunları ilə bağlı Hesablama Palatasının apardığı audit yoxlamalarının nəticələrində BŞİH-nin adı çox hallanmasa da, hər halda təzə xəbərlərə əsasən yaxın günlərdə belə bir yoxlama aparılacaq. İSMAYIL
Sorğu
Yeni dizaynımız necədir?