Ukraynanın Odessa şəhərində Maydan tərəfdarları Türkiyə tankeri “Huseyn David”i İliçevsk limanını tərk etməyə məcbur ediblər. Tanker azərbaycanlı oliqarx, “Forbes”in siyahısında Türkiyənin 7-ci ən varlı adamı olan milyarder Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus olub. Ukraynanın Türkiyədəki keçmiş səfiri, Viktor Yanukoviçin vaxtında Maydan hərəkatını dəstəkləyərək postundan istefa verən Boqdan Yaremenko facebook səhifəsində yazıb ki, Mənsimovun tankeri Kiyevin razılığı olmadan Krım limanına yan alıb. Bu səbəbdən Odessa fəalları tankeri İliçevsk limanını tərk etməyə məcbur ediblər. Xəbərə görə, iyunun 2-dən 4-nə qədər tanker Krımdakı Feodosiya neft bazasında yük götürüb. Tanker Krımı tərk edərək əvvəlcə Odessa limanına istiqamət alıb, maydançılar gəmini etirazla qarşılayaraq mətbuat vasitəsilə onun heyət üzvlərini həbslə hədələyiblər. Kapitan bu barədə biləndən sonra tanker marşrutu dəyişib və İliçevsk limanına yan alıb. Lakin Odessa maydançıları bununla sakitləşməyiblər və İliçevsk limanının Nəqliyyat Prokurorluğuna teleqram vuraraq tankerin heyətinin “işğal olunmuş Krıma” qanunsuz daxil olaraq cinayət əməli törətdiyi haqda xəbərdarlıq edib. Nəticədə Mənsimovun tankeri İliçevsk limanını da tərk edib və Krım sahillərinə geri dönüb. Yaromenkonun tərəfdarları bundan sonra da tankerdən əl çəkməyiblər. Onlar gəminin qeydiyyatda olduğu ölkəyə - Türkiyəyə məktub yazıblar, həmçinin beynəlxalq təşkilatlara müraciət edərək tankerin heyətinə qarşı sanksiyalar tələb ediblər. Yaromenko bundan sonra da Krımai icasəsiz yan alan gəmilərə qarşı bu cür hərəkət edəcəklərini bildirib. Xatırladaq ki, bu, Mübariz Mənsimovun tankerlərinin üzləşdiyi yeganə belə situasiya deyil. Bu ilin yanvarında “Palmali” şirkətinə məxsus,Malta bayrağı altında üzən “Bakı” tankeri Liviyanın mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edən üsyançı yaraqlıların nəzarətində olan əs-Sider limanına yan alaraq neft yükləmək istəyib. Lakin Liviyanın sahil mühafizə qüvvələri gəmiyə atəş açaraq onu batırmağa cəhd ediblər. Tankerin heyəti Liviya hərbi gəmilərinin atəşi altında tam sürətlə Maltaya doğru üzüb. Liviya baş naziri tankeri qaçaq neft götürmək cəhdinə görə atəşə tutduqlarını açıqlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?