Bəzi nazirlər və icra başçıları istefaya göndəriləcək
Respublikada rüşvət və korrupsiyaya qarşı aparılan mübarizə nəticəsində onlarla məmur vəzifəsini itirib. İşində daha ciddi nöqsanlara yol verənlər isə vəzifədən çıxarılmaqla yanaşı, həbs olunublar. Ölkə başçısının müvafiq göstərişləri əsasında həyata keçirilən korrupsiya əleyhinə tədbirlər zamanı xeyli sayda qanun pozuntuları üzə çıxıb. Geridə qoyduğumuz 2012-ci il də bu baxımdanəlamətdar oldu. Bəzi yüksək rütbəli dövlət məmurları rüşvət üstündə işlərini itirdilər və bir neçəsinə də ciddi xəbərdarlıq edilərək son dəfə şans verildi. Bundan nəticə çıxarmayan bəzi məmurlar bu gün də öz bildikləri kimi hərəkət edirlər. Son zamanlar ictimaiyyətdə gəzən söz-söhbətlər və yayılan xəbərlər 2013-cü ilin bəzi məmurlar üçün düşərli olmayacağı barədə təsəvvür yaradır. Bu il bir neçə yüksək rütbəli şəxsin vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir. Deyilənə görə, artıq siyahı da hazırlanıb. Bizə gələn xəbərlərdə bildirilir ki, bu il tutduğu postdan uzaqlaşdırılmağa real namizəd olan ilk şəxs əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun 2012-ci ildə göstərdiyi fəaliyyət rəsmi dairələri razı salmayıb. Əksinə nazir bir neçə dəfə tənqid olunub. Üstəlik, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunanların bir çoxu da F.Ələkbərovun işçiləri olub. Digər tərəfdən, nazirliyin yerlərdəki şöbələrində də saysız-hesabsız qanunsuzluqlar aşkarlanıb. Saxta arayışlarla onlarla insana əlillik dərəcələri verilib. Bu və digər neqativ hallara görə nazir bu siyahıya salınıb. Hakimiyyətin yollarını ayıracağı digər məmur ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. Çünki onun da ötənilki işləri istənilən səviyyədə olmayıb. İstər paytaxtda, istərsə də əyalətlərdə yaşıllıqların məhv edilməsi, ağacların kəsilərək yerində göydələn və obyektlər tikilməsi nazirin əleyhinə işləyən əsas amillər olub. Habelə, dövlət qoruqlarında adı "Qırmızı kitab"a düşmüş heyvanların qanunsuz ovu da Bağırovun işini xeyli qəlizləşdirib. Bütün bunlar əsas götürülərək dövlətin ali orqanlarında nazirlə bağlı müzakirələr aparılıb və onun postundan kənarlaşdırılmasına razılıq verilib. Adı bu siyahıya düşən nazirlər arasında 14 ildir ölkə təhsilinə rəhbərlik edən Misir Mərdanov da var. Yaşı 65-dən çox olan nazir 2013-cü ilin birinci rübünün sonuna qədər, özü də pensiya yaşında təqaüdə göndəriləcək. Hakimiyyətin Mərdanovdan imtina etməsi səbəbsiz deyil. Son illər ölkə təhsilində nəzərəçarpacaq uğurların əldə olunmaması, şagirdlərin repititor yanında bilik qazanması və müəllimlərin rüşvət prinsipləri əsasında işləməsi nazirə qarşı çıxan qüvvələri daha da fəallaşdırıb. Bu azmış kimi, bəzi təhsil şöbələrində rüşvət üstündə bir neçə nəfər həbs olunub. Sadalanan faktlar onu göstərir ki, artıq nazir öz funksiyasını itirib və təhsil sistemində islahatlara başlamağın vaxtıdır. Yuxarıların artıq vəzifədə görmək istəmədiyi məmurlardan biri də "Azəriqaz" İstehsalat Birliyinin (İB) sədri Əkbər Hacıyevdir. Bu vəzifəni Əlixan Məlikovdan təhvil alan Hacıyev ona bəslənilən ümidlərin heç birini doğrultmadı. "Azəriqaz"a rəhbərliyə gəlməsi ilə bərabər yeni və həlli çətin olan problemlər ortaya çıxdı. Ötən ilin sonlarına yaxın dəm qazından zəhərlənənlərin və ölənlərin sayının birdən-birə çoxalması sədrə qarşı təpkiləri bir az da artırdı. Artıq vəziyyət o həddə çatıb ki, İB sədrini himayə edən yüksək vəzifəli şəxs belə ondan imtina edib. Bildirilir ki, tezliklə Hacıyev istefaya göndəriləcək və İB ləğv edilərək əvəzində başqa bir qurum yaradılacaq. Yaradılmasının heç biri ili tamam olmayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəhbəri, general Arzu Rəhimov da "radara" düşənlər sırasındadır. Bizdə olan məlumatlara inansaq, onun karyerasında eniş dövrünün başlamasına çox az müddət qalıb. Əsgər ölümlərinin artması, xidmətin yerlərdəki şöbələrində gənclərin düzgün şəkildə komissiyadan keçirilməməsi, xəstələrə sağlam adı ilə rəy verilməsi və rüşvət müqabilində gənclərin hərbi xidmətdən yayındırılması faktları rəsmi instansiyalarda A.Rəhimovun bacarıqsız biri kimi tanınmasına səbəb olub. Bu isə onun işini tezliklə itirəcəyi deməkdir. Adı daim qalmaqallarda hallanan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə də "gedənlər karvanı"na qoşulacaq. Hələ bir neçə il öncə baş verən daşqınlar zamanı işdən çıxarılması gündəmə gələn ASC rəhbəri üçün bu il "qırmızı işıq" yandırılacaq. Səhhətində yaranan problemlər və yaşı onun üçün böyük problemə çevrilib. Buna görə də o, prezident seçkiləri ərəfəsində kreslosunu təhvil verəcək. Ölkənin kənd təsərrüfatı sistemini yaman günə salan nazir İsmət Abasov da seçkiöncəsi rəhbəri olduğu nazirliyi tərk edəcək. Onun vəzifədən alınması üçün müxtəlif səbəblər var ki, bunlardan birincisi hər il yaşanan taxıl böhranıdır. Həmçinin kənd təsərrüfatı məhsullarının qiymətindəki suni artımlar və sahibkarların hər gün artan narazılığı nazirin vəzifəsinin sonunu yaxınlaşdırır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də vəziyyəti yaxşı deyil. Özünün də etiraf etdiyi kimi, bu sahədə xeyli çatışmazlıqlar var. Nazirin keçən ilin son günlərində verdiyi açıqlama isə yuxarıları bərk əsəbləşdirib. Onun rəhbərlik etdiyi bəzi işçiləri ilə bacara bilməməsini dilə gətirməsi yuxarılar üçün əsl "kozır" olub. Və onlar bu fikirlərin izinə düşərək naziri yola salmağı planlaşdırırlar. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun da dövranı artıq bitmək üzrədir. Rəhbərlik etdiyi fonda doğru-düzgün nəzarət edə bilməyən sədr bir neçə ay ərzində sabiqlər sırasına daxil olacaq. Onu da qeyd edək ki, 2013-cü il bəzi icra başçıları üçün də kabusa çevriləcək. Verilən məlumatlara görə, yaxın vaxtlarda bir neçə icra başçısı tutduqları vəzifələrlə vidalaşacaq. Hətta onların bəzisi barədə həbs-qətimkan tədbirinin seçilməsi də istisna deyil. Siyahıda başqa məmurların da adları var. Bu barədə isə gələn saylarımızda məlumat verəcəyik. Elvin Həkərili
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?