Tənqidçi media Mətbuat Gününə gözü bağlı, dili lal , əldə qara bayraq gedir; bəzi məmurlar jurnalistlərin bu günə düşməsini bayram edirlər
Zaman varıydı - azad söz, azad mətbuat uğrunda mübarizə gedirdi. Qəzetlərin səhifələri azad söz üçün söz səngərinə çevrilmişdi. Yazarlar, baş redaktorlar, hətta mətbuata yeni gələn gənc müxbirlər bu savaşın ortasında bir fədai olaraq döyüşürdü. Hamı bir yumruq kimi eyni nöqtəyə döyürdü.
Hədəf və məqsəd eyniydi - azad mediaya basqılar dayansın. Tənqidçi mətbuatın susdurulması naminə məmurlar cərgəyə düzlənmişdi.
Onların korrupsioner, özbaşına, qanunsuz fəaliyyətini ifşa edən faktların azad mətbuatda işıqlandırılmasından təvşişə düşürdülər. Və çıxış yolunu medianı təzyiqlə, təhdidlə, həbs və məhkəmə ilə susdurmaqda görürdülər.
Tənqidçi mətbuatın üzvləri isə çiyin-çiyinə, ac-susuz, maddi məhrumiyyətlərə qatlaşaraq, ən az maaşla, yuxusuz gecələr, həyəcanlı-qorxulu günlər keçirərək, ailəsi təhlükədə olduğu halda belə azad sözün keşiyində sipər olmuşdular.
Kimini bıçaqladılar, kimini tutdular, kimini döydülər, kimini satın aldılar, kimisi təzyiqlərə tab gətirməyib geri çəkildi. Sıralarımız azalmağa başladı. Tənqidçi mediaya düşmən kəsilmiş həmin məmurlar jurnalistlərin bu günə düşməsinə bayram edirdilər.
Zaman gəldi – media ən ağır günlərini yaşamağa məhkum edildi. Artıq müxtəlif təzyiqlərdən yorulmuş, ömrün-günü, illəri getmiş, azad söz üçün can vermiş fədai jurnalistlər geriyə baxanda bu əməyin nəticəsiz qaldığını gördülər, itirilmiş bir dövrdən heç nə qalmadığını, məğlub olub heç nə qazandıqlarını hiss etdilər. Vaxtilə azad söz tələbi ilə aksiya keçirən Əflatun Amaşov, Arif Əliyev, Rauf Arifoğlu, Azər Həsrət, Aydın Quliyev indi azad sözə basqı olanda səsləri çox uzaqdan eşidilir. Əfsus!!!
Dünən belə, bu gün nə oldu? KİVDF-dən ildə 60-120 min manat almaqla bütün azadlıqlar itirildimi yoxsa ertələndi? Bu pulla mətbuatın səsi boğuldumu? Mətbuat Şurası 22 iyul Mətbuat Gününə hazırlıqla məşğul olmaq əvəzinə qəzetləri çarmıxa çəkir.
Adi misal - Mətbuat Günü ərəfəsində yüksək vəzifəsi olmayan bir məmur da artıq basqı etməkdən çəkinmir. Sanki arxayınlaşıblar ki, media əzilib, gücsüzləşib və haqlı olub-olmasaq da istənilən zamanda bizdən yazan həmin mətbu orqanı əzmək olar.
Məsələn, Mətbuat Şurası Masallıdan bir məmurun iddiası əsasında “Gündəm-xəbər” qəzetini məşəl ayağına çəkir. Nə deyəsən, kimə nə söyləyəsən?!
Çox təsəsüflər olsun ki, bir vaxtlar “Azad Mətbuata Azadlıq” hayqıranların bu gün səsi başqa yerlərdən başqa tonda gəlir. Azad mətbuatı bəzi yırtıcı məmurlara təslim edənlər, ömrünü, taleyini jurnalistikaya bağlayıb yazanları çarəsiz durumda saxlayanlar, olan-qalan azad söz qalalarını da həmin məmurların qarşısında diz çökdürmək intiqamı, ehtirası ilə yaşayanlar unutmasınlar ki, mətbuatın məmura tabe etdirilməsi, önündə məğlub vəziyyətə gətirilməsi elə bu işi görənlərə də günün birində xeyir gətirməyəcək.
Yaxın keçmişdə baş verənlərin təfsilatını açıqlamağa gərək yoxdur, hər şey göz qabağındadır. Mediada azad söz hayqırıb, sonra susmağa üstünlük verənlərdən indi başqa şərtlət tələb olunur. Şərtlər dəyişir, tələblər çoxalır və yerinə yetirməsən sənin də indi firavan, rahat həyatının düzəni dəyişir.
Qaydalar belədir; ya sona qədər oyna, ya da cəza gözləyir. Ancaq hələ də ümid qalır ki, azad söz uğrunda çarpışan tək-tük jurnalistlərin yazdıqları sonrakı nəsilə də ötürüləcək və bu qala tamamilə çökməyəcək. Bayramınız və qəzanız mübarək, həmkarlar!!!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?