Azərbaycanda daha bir neçə özəl ali təhsil müəssisəsinin fəaliyyətinə xitam verilə bilər. İctimai-Siyasi Universitetin lisenziyasız qalmasının ardınca analoji qərar Bakı Biznes, Asiya və Təfəkkür təhsil ocaqlarını da gözləyir. Bu məlumatı axar.az-a verən mənbənin sözlərinə görə, Təhsil Nazirliyi yoxlamalara başlayıb, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, yəni akkreditasiya prosesinə start verib. Yoxlamalar davam edir və adıçəkilən ali məktəblərdə qanun pozuntuları, maddi-texniki bazanın vəziyyəti ilə bağlı qüsurlar, tədris işinin təşkilində kobud çatışmazlıqlar aşkarlanıb.
Mənbə qeyd edir ki, hazırda nazirliyin yoxlamalarının nəticəsi olaraq qərar veriləcək. Eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi statistik təhlilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Biznes Universiteti, Bakı Qızlar Universiteti kimi ali məktəblər Azərbaycan İctimai Siyasi Universiteti ilə təxminən eyni reytinqə malikdirlər.
Təhsil eksperti Etibar Əliyev də deyib ki, bu cür ali məktəblərin fəaliyyətinin dayandırılmasının vaxtıdır. Artıq keçmiş nazir Misir Mərdanovun dövründə himayə olunan bu ali məktəblərin bağlanması real görünür. Hələ neçə il öncə Təhsil Nazirliyinin həyata keçirdiyi məqsədyönlü yoxlamalar zamanı testdənkənar qəbulun, imtahanlarda rüşvət hallarının bəzi özəl universitetlərdə adi normaya çevrildiyi aşkar olunmuşdu. Bu səbəbdən də öncə Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, sonra isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldı. Həmçinin Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı apardığı monitorinq zamanı “Odlar Yurdu” Universitetində də ciddi nöqsanlar aşkarlanmışdı.
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlasaq da, yalnız sorğu əsasında sualımıza cavab verə biləcəklərini söylədi
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?