Azərbaycan diversantı bir erməni zabitini Kəlbəcərdə qətlə yetirib.
gundemxeber.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan çıxış edib. O, Azərbaycan diversantının həmçinin daha bir mülki qadını da yaraladığını deyib. Ovanisyan həmin qadının artıq hospitala yerləşdirildiyini söyləyib. Mətbuat katibi həmçinin azərbaycanlı kəşfiyyatçının da öldürüldüyünü vurğulayıb.
Onu da xatırladaq ki, dünən Ermənistan mətbuatı Dağlıq Qarabağ separatçı qurumuna istinadla Azərbaycan Ordusunun diversantının Kəlbəcərdə yaxalandığını açıqlamışdı. Onun Tərtər rayon Qapanlı kənd sakini Quliyev Şahbaz Cəlal oğlu olduğu bildirildi.
Azərbaycanın Müdafiə Nazirliyi isə belə şəxsin Silahlı Qüvvələrdə xidmət etmədiyini açıqladı. Ermənistan Müdafiə Nazirliyi də azərbaycanlı diversantın Kəlbəcərə keçməsi xəbərini ümumiyyətlə təkziblədi. Dağlıq Qarabağın separatçı qurumunun rəsmi açıqlamasından sonra isə Ermənistan Müdafiə Nazirliyi bu gün növbəti məlumat yayıb və bir erməni zabitini zərərsizləşdirən azərbaycanlı diversantın öldürüldüyünü bildirib.
Ancaq Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi nə erməni zabitinin, nə də onu öldürən “diversantın” kimliyinə aydınlıq gətirib. Xatırladaq ki, mülki vətəndaş Şahbaz Quliyevi həbs edən separatçı rejim onu “diversant” kimi təqdim edib. Həbs olunubsa, o, hansı şəraitdə erməni zabitini öldürüb və özü də ölüb? Yoxsa “başqa diversant” uydurma informasiyası hazırlanır?
Qeyd edək ki, dünən Ermənistan mediası Füzuli rayonunda 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyanın öldürüldüyü barədə açıqlama yaymışdı. Onun hansı şəraitdə öldürüldüyü isə qeyd olunmamışdı və bu da onun daxili qarşıdurma nəticəsində öz yoldaşı tərəfindən öldürüldüyü versiyasını yaratdı.
Görünür, dünən daxili qarşıdurmada heç də bir əsgər ölməyib, həm də artıq zabitin adı çəkilir. Ermənistan Müdafiə Nazirliyi isə orduda nizam-intizamın yüksək olduğu görüntüsünü saxlamaq üçün onların “döyüş şəraitində” öldüyü barədə rəy yaratmağa çalışır.
Əks halda, bu müəmmalı “diversantın” adı açıqlanar və fotosu yayılardı – necə ki, “diversant” kimi təqdim edilən mülki vətəndaş Şahbaz Quliyevin fotosu yayıldı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?