Şirin Cəfərli: "Bu oyunların necə və kim tərəfindən oynanıldığını bilirəm”
Bu günlərdə "Gündəm Xəbər” qəzeti təxribatla üzləşib. Yay fəslində istirahətə çıxan qəzetin kollektivi köşklərdə eyniadlı və eynidizaynlı qəzetlə rastlaşıblar. "Gündəm Xəbər” qəzetinin baş redaktoru məsələ ilə bağlı fikirlərini bölüşərkən qeyd etdi ki, hər kəs bilir ki, yay fəsli gələr-gəlməz, qəzetlərin satışı zəifləyir:
"Qəzetin mətbəəyə bir xeyli borcu olduğundan, biz də yay tətilini bir növ bəhanə edərək borcları azaltmağı və sonra yenidən fəaliyyətimizə başlamağı düşünürük. Qeyd etdiyim kimi, biz hazırda yay tətili ilə əlaqədar istirahətdəyik. Və qəzet bazarında qəzetimizin tam oxşarı meydana çıxıb. Əslində, çox təəccübləndik. Çünki hansısa qəzet tətilə çıxırsa və yaxud lap fəaliyyətini dayandırırsa, bu o deməkdir ki, kimsə gəlib eyni adlı qəzet çıxarmalıdır? "Gündəm Xəbər” qəzeti konkret olaraq, Şirin Cəfərliyə məxsusdur. Və bütün hüquqi sənədləri mənə aiddir. Heç kimə aidiyyəti yoxdur. Kimsə gəlib hardasa 5-10 gün işləyirsə, bu o deməkdir ki, o adam qəzetə yiyələnməlidirmi? Bu addımlar tam olaraq qeyri-qanuni addımlardır. Bir tərəfdən də, gülməli gəlir insana. Çünki kimisə öz yanında işə götür, çörək ver, o da gəlsin belə naxələflik etsin. Hazırda bu addımı atan şəxs təxminən iki ay idi ki, mənim qəzetimdə çalışırdı. Amma indi iddia edir ki, bu qəzet bizimdir. Təbii məsələdir ki, bu hal kimlərsə tərəfindən sifariş edilib. Bu, "Gündəm Xəbər” qəzetinə qarşı yönəlmiş növbəti bir təxribatdır. Bu qəzetin sahibi mənəm və qəzetin bütün təzyiqlərinə, hücumlarına məruz qalan da mən olmuşam. Hazırda mənim üzərimdə üç il şərti iş, 71144 manat cərimə var. Qeyd etdiyim kimi, bu da qəzetə qarşı atılan növbəti bir təxribat idi. Ümumiyyətlə, bu kimi hallar çox çirkin oyunlardı. Və bu oyunların necə və kim tərəfindən oynanıldığını da bilirəm. Amma bunu açıqlamağı özümə sığışdırmıram və uşaq oyununa çevrilməyini istəmirəm. Hər kəs öz yerində otursa daha yaxşı və gözəl olar”. Baş redaktor bundan sonra hansı addımlar atacağı məsələsinə də aydınlıq gətirdi və qeyd etdi ki, məsələ ilə bağlı ilk olaraq Ədliyyə Nazirliyinə müraciət etmək fikrindədir: "Heç olmasa, Ədliyyə Nazirliyi ayda bir dəfə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasın, Müəllif Hüquqları ilə əlaqə saxlasın ki, bu qəzetlərin hansının müəllif hüququ var, hansının yoxdur. Mənim qəzetimin konkret olaraq, müəllif hüququ var və qəzet patentləşdirilib. Qəzetin "Gündəm” və "Təsviri görüntü” sözündən başqa, hamısı azaddır. Amma konkret olaraq, dövlət tərəfindən qorunan sözlər "Gündəm” və "Təsviri görüntü” sözləridir. Bununla bərabər, belə bir alternativ qəzet çıxarılırsa, bu bir cinayətdir. Ədliyyə Nazirliyi əgər etdiyi bu səhvi və "Şok Xəbər” qəzetinə verdiyi "Gündəm” sözünü ləğv etməsə, o zaman təbii ki, hüquqi qayadada bu məsələ məhkəmədə çözüləcək”.
Ş.Cəfərli son olaraq isə bildirdi ki, burdan səslənirəm ki, hər kəs öz işiylə məşğul olsun. Vaxtilə mənim çətin vaxtlarımda, məhkəmələrdə mənim yanımda yalnız bir nəfər olub. O da, qəzetin dizayneri olub. İndi isə o da, kiminsə küyünə gedir. Qəzetdə çalışan heç kimi işsiz qoyan deyildim amma, bəziləri tələsik addımlar atdılar. Hər şey göz qabağındadır ki, hazırkı durum kiminsə sifarişi əsasında həyata keçirilib. Hələ ki, bunu açıqlamaq istəmirəm. Vaxtı, zamanı gəldikdə hər bir şey açılacaq».
Sorğu
Yeni dizaynımız necədir?